Qərb Gürcüstanda fiaskoya uğradı: Azərbaycanın regionu xilas edən iradəsi

0
38

Gürcüstanda “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsi ilə baş tutan parlament seçkilərindən sonra müxalifət küçələrə, Qərb siyasətçiləri tribunalara çıxaraq, “seçkinin saxtalaşdırıldığı” iddiası ilə nəticələrin legitimliyini şübhə altına almağa çalışır. Tbilisi küçələrində baş verənlər “demokratiya” adı altında təqdim edilsə də, əslində xarici oyunçuların iştirakı ilə demokratik seçkiyə qarşı hibrid müharibəsinin aparılmasıdır.

– Seçkidə hakim partiyadan sonra müəyyən nəticələr əldə edən və parlamentə düşən müxalifət – “Dəyişiklik üçün Koalisiya” (11,2 faiz), “Birlik – Milli Hərəkat” (9,8 faiz), “Güclü Gürcüstan” (9 faiz) və “Qaxariya – Gürcüstan naminə” (8,2 faiz) – Qərbin əsas ruporu rolunda çıxış edən prezident Salome Zurabişvilinin rəhbərliyi ilə aksiyalara start verib.

– Bu aksiyaları dəstəkləyən, əslində küçə mübarizəsinin sifarişçisi olan Qərb də legitimliyi şübhə altına alacaq çağırışlar edir. ABŞ dövlət katibi Entoni Blinken “seçki pozuntularını” araşdırmağa çağırır, Avropa İttifaqının komissarı Cozef Borel Blinkeni təkrarlayır. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad isə iddia edir ki, “seçicilərə qarşı təzyiq və hədə-qorxu olub”. Kanada isə bu seçkilərə görə Gürcüstanla münasibətlərə yenidən baxa biləcəyini açıqlayıb.

Absurd mənzərədir. Müxalifət seçki kampaniyasında və səsvermə prosesində tam sərbəst şəkildə aparılan mübarizənin məğlub olan tərəfi kimi “dağıdıcı metoddan” – küçə aksiyalarından istifadə etməklə, nəticəni dəyişdirməyə cəhd edir. Qərb isə arqumentləşdirə bilmədiyi iddialarla əslində özünü təkzib edir. Çünki seçkini izləyən beynəlxalq müşahidəçilərin heç biri səsvermə prosesində ciddi qanun pozuntusu aşkarlaya bilməyib. Bunu yayılan hesabatlarında da etiraf edirlər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) (380 müşahidəçi), ATƏT PA (61 müşahidəçi), AŞPA (39 müşahidəçi), NATO PA (38 müşahidəçi) və Avropa Parlamentinin (12 müşahidəçi) birgə müşahidə missiyasının bəyanatı seçkilərlə bağlı əsas rəy olaraq qəbul edilir.

Bəyanatda qeyd olunur: “Gürcüstanda seçki proseduru yaxşı təşkil olunub. Seçkiqabağı dövrdə Mərkəzi Seçki Komissiyası seçiciləri seçkilərlə bağlı yeni texnologiyalar haqqında yaxşı məlumatlandırıb. Bununla yanaşı, seçicilərin böyük seçim imkanı vardı – 18 siyasi partiya parlamentdəki yerlər uğrunda mübarizə aparırdı. Partiyalardan olan müşahidəçilərin də sayı kifayət qədər idi. Bu, seçki sisteminin inkişaf etdiyinə, demokratiyanın inkişaf mərhələsində olduğuna işarədir”.

Seçkilərlə bağlı iradlar əsasən texniki məsələləri, o cümlədən, gender bərabərliyi ilə bağlıdır. Ki, bu iradların heç biri səsvermənin nəticəsinə müdaxilə demək deyil. Beləliklə, Qərb ölkələrini təmsil edən müşahidəçilərin yekun rəyi seçkinin qanuni və demokratik prinsiplərə uyğun keçirildiyinin təsdiq edilməsidir. Buna baxmayaraq, Qərb ölkələrindən Gürcüstandakı seçkilərlə bağlı irəli sürülən çağırışlar “kim düz deyir” sualını da yaradır: Qərbin əsas seçki institutları kimi təqdim etdiyi qurumlar – ATƏT/DTİHB, ATƏT PA, AŞPA, NATO PA, AP müşahidəçiləri yalan danışır, yoxsa Blinken, Borrel və Haddadın timsalında Tbilisiyə çağırış edənlər?!

Seçkini təşkili beynəlxalq müşahidəçilərin doğru olduğunu ispatlayır. Kiçik saxtalaşdırma olsaydı belə, müşahidə aparan bu qurumlar mütləq şəkildə yekun rəyi bu detal üzərindən qurardılar. Görünür, ciddi pozuntu aşkar edə bilmədikləri üçün texniki məsələləri, yaxud gender bərabərliyi kimi səsvermə prosesindən uzaq amilləri qabartmağa çalışırlar. Bu, həm də Qərbin iddialarının öz müşahidəçiləri tərəfindən də təsdiqlənmədiyini göstərir.

Səbəbləri seçkidə yox, siyasi maraqlarda axtarmaq lazımdır və ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin açıqlamasını bunun bariz etirafı adlandırmaq olar. Miller seçkinin nəticələri haqda danışarkən bildirib ki, “Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir”.

Bu, seçkiyə münasibət yox, seçkinin qalibi olan “Gürcü arzusu” partiyasına təhdiddir. Və Qərbin heç bir fakt olmadan “seçki saxtalaşdırılıb” iddialarının gerçək səbəbini də ortaya qoyur.

Gürcüstandakı seçkilər təkcə bu ölkənin gələcəyinin yox, həm də regiondakı siyasi mənzərənin müəyyən edilməsi baxımından əhəmiyyətli idi. Bir tərəfdə milli siyasi xətt, digər tərəfdə, Gürcüstanı Qərbin regional planlarının alətinə çevirməyə hazır olan xətt vardı. Ermənistanda Paşinyan hakimiyyəti üzərindən təsir rıçaqları əldə edən və Rusiyaya qarşı mübarizəni regiona köçürən Qərb Gürcüstan seçkilərində marionet qrupların qələbə qazanması ilə Tbilisini də bu planına daxil edəcəyini hesablayırdı. Bu planın detalları hələ Ukrayna müharibəsi başladığı dövrdən bəlli idi. Gürcüstanın Rusiyaya qarşı “ikinci cəbhə” açması üçün rəsmi Tbilisiyə təzyiq edirdilər. Bu təzyiqlərə qarşı çıxan və 2008-ci il təcrübəsinin bir daha yaşanmaması üçün Rusiyaya qarşı “ikinci cəbhəni” açmaqdan imtina edən “Gürcüstan hakimiyyətini devirmək məqsədilə müxtəlif cəhdlər edildi. Bu addımlardan biri də kontitusiya quruluşu dəyişdirmək istəyən Qərb şəbəkəsinin önünü kəsmək üçün “xarici agentlər haqqında” qanunun qəbul edilməsi idi. Gürcüstanı marionet ölkəyə çevirmək istəyən Qərb rəsmi Tbilisinin əks-həmlələri ilə çətin vəziyyətə düşmüşdü. Buna görə seçkiləri hakimiyyəti dəyişmək üçün “son şans” olaraq qiymətləndirir, bütün resurslarını 26 oktyabra hazırlayırdı. Lakin baş tutmadı, çünki milli siyasi xəttə səs verən Gürcüstan xalqı xarici güclərin alətinə çevrilmək və “beşgünlük müharibə”nin acı təcrübəsini yenidən yaşamaq istəmədilər.

Bu gün Tbilisi küçələrində iğtişaş planlarının hazırlanması və Qərbin öz müşahidəçilərinin rəyini təkzib edərək, seçkinin nəticələrini şübhə altına salmaq cəhdləri də Gürcüstan xalqının milli iradəsi qarşısında məğlub olmalarından qaynaqlanır. Tbilisiyə qarşı ciddi hibrid müharibəsinin başlandığı müşahidə edilir: ABŞ-ın rəhbərliyi ilə kollektiv Qərb və Vaşinqtonun “proksi qüvvələri” rolunda olan Estoniya, Litva, Latviya kimi ölkələr legitim seçkinin nəticələrini dəyişdirməyə çalışır. Bunun baş tutmayacağı şübhəsizdir, çünki Gürcüstan xalqı milli siyasi xəttə olan bu oyunlara cavabını 26 oktyabrda – seçki qutusunda verdi.

Gürcüstanda milli siyasi xəttin qələbə qazanmasında iki mühüm amil də rol oynadı.

Birincisi, Gürcüstanda yaşayan azərbaycanlıların seçimidir. Soydaşlarımızın yaşadığı bölgələrdə “Gürcü arzusu” partiyası mütləq səs çoxluğu qazandı. Bu, hakim partiyanın qazandığı ümumi səslərin 7-8 faizinə bərabərdir.

İkincisi, Azərbaycanın Gürcüstana birmənalı dəstəyidir. Bu dəstək, istər Gürcüstandakı soydaşlarımızın seçimində, istər informasiya müstəvisində, istər siyasi müstəvidə öz əksini tapdı. Və nəticədə Gürcüstan xalqı, Gürcüstan dövləti qazandı.


Azərbaycanın dəstəyi bölgədə sülh perspektivinə qarşı oyunlar quran Qərb üçün açıq mesaj xarakteri daşıyır: Azərbaycanın iradəsi olmadan regionda hansısa layihənin reallaşması mümkün deyil; Qərbin Tbilisidə hakimiyyət dəyişikliyi layihəsi də buna görə fiaskoya uğradı.

Milli siyasi xəttin qələbə qazandığı Gürcüstanda hakimiyyətin önündə h həll edilməsi vacib olan bir problem dayanır: Qərb şəbəkəsini tamamilə neytrallaşdırmaq. İndiyə qədər bu istiqamətdə mühüm işlər görülüb, “xarici agentlər haqqəında” qanunun qəbulu ciddi addımlardan biridir. Lakin Tbilisi küçələrində baş verənlər təhlükənin aktual olduğunu təsdiq edir və bu təhlükə ilk növbədə Gürcüstanın gələcəyinə risklər yaradır. Gürcüstan hakimiyyəti bu şəbəkəni tamamilə dağıtmadığı müddətdə təhlükə aktual olaraq qalacaq.