Qəni Camalzadənin yeni kitab təqdimatı: “Kiaskarın axırıncı savaşı”. Foto və video

0
334

Tanınmış yazıçı-publisit, ictimai fəal, tele-ekspert Qəni Camalzadənin yeni kitab təqdimatı: “Kiaskarın savaşı” roman və hekayələr toplusunun təqdimatı həftənin əlamətdar ədəbi-mədəni hadisəsinə çevrildi.

Tədbirə təşkilati dəstək verən Vətəndaş Cəmiyyəti Alyansı rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxanasının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov tədimat mərasimini giriş nitqi ilə çıxış etdi.
A.X.Əbilov ilk sözü kitabın redaktorlarından biri, tanınmış şair-publisit Ağacəfər Həsənliyə verdi. O, kitabın bədii-tarixi məziyyətlərindən, yaradılmasının səbəblərindən, dil və üslub xüsusiyyətlərindən, gələcək nəslə varisliyindən danışdı, fikir söyləmək üçün şair və yazıçılara, ağsaqqallara, fəal oxuculara müraciət etdi.
Kitabın ərsəyə gəlməsində həmredaktor kimi əməyi çox olmuş istedadlı nasir Məmməd Oruc, Əməkdar jurnalist İdris Şükürlü, yazıçı Oktay Ərgünəş, “Xatirə kitabı”nın baş redaktoru Nəzakət Məmmədli, ədəbiyyat həvəskarı Rza Maqsudov, “Yurd” jurnalının baş redaktoru, istedadlı şair Balayar Sadiq, ilahiyyatçı Mirkazım Kazımi, şair-publisit Faiq Balabəyli, hüquqşünas Tağı Hüseynov, psixoloq Babək Bayramov, İstanbuldan gəlmiş qonaq Rəşad Rza, ictimai fəal Solmaz xanım, şairə Püstə xanım, Hacı Mirzəxan Əsədoğlu və başqaları tədbirdə çıxış edərək, yazıçı-publisit Qəni Camalzadənin şəxsiyyəti, yaradıcılığı barədə fikir, mülahizə və təkliflərini bildirdilər.
Çıxışçıların ümumi rəyinə görə, “Qanun” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş sayca on ikinci kitabında yazıçı dövrümüz üçün aktual bir mövzu seçmiş, əsəri aydın və yeni üslubda qələmə almışdır ki, bu da oxucunu yormur, əksinə, kitabı maraqla oxumağa sövq edir.
Əvvəlki romanlarından fərqli olaraq, bu dəfə yazıçı tariximizin qədim və əzəmətli bir dövrünü – Midiya imperiyasının yüksəliş dövrünü qələmə almışdır. Qırx il hökmranlıq eləmiş Kiaksar ömrünün sonunda, e.ə. 486-cı ildə Skiflərin Muğan düzündə qurduqları çarlığın iyirmi səkkiz illik varlığına son qoyub. Kiaksarın qoşunları skiflərin bir qismini qırmış, qalanını da Dar Keçiddən (Dərbənd) şimala, gəldikləri yerə qovmuşdur.
Romanda şahənşah Kiaksarın parlaq surəti incə boyalarla təsvir edilmiş, onun döyüş taktikası barədə, qələbələri tarixi qaynaqlar əsasında qələmə alınmış, atəşpərəstlik haqqında geniş və əhatəli məlumat verilmişdir. Qədim Midiya hökmdarı haqqında Karl Marks belə yazıb: “Sərkərdə Kiaksar qədim dövrün parlaq simalarındandır, süvari qoşun növünün yaradıcısı kimi tarixdə qalacaq”.
Müəllifin yazdığı kimi roman çoxdan hazır olsa da, o nəşrinə qərar verə bilmirdi. Torpaqlarımızın hələ də erməni işğalı altında olması faktı müəllifin yolunu kəsirdi. Nəhayət, bu maneə də aradan qalxdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənlə şahənşahKiaksar kimi rəftar elədi, 44 gündə iyirimi səkkiz illik işğala son qoydu, erməniləri torpaqlarımızdan qovdu, tarix təkrar olundu. Karl Marksın dediyi kimi, sərkərdə Kiaksar süvari qoşun növünün yaradıcısı, qalib kimi tarixdə qalmışdı. Kitabın annotasiyasında da bildirildiyi kimi, tariximiz sanki təkrarlanır, amma bu dəfə daha zəfərlə, qalibiyyət dolu qızıl səhifələrlə zənginləşməklə. Prezident və Ali Baş Komandan İlham Əliyev rəhbərliy altında həm informasiya müharibəsində düşmənə qalib gəldi, həm də XXI əsrin qabacıl dövləti Azərbaycan oldu. Azərbaycan Ordusu da ən müasir silahlardan istifadə etməklə, Qalib Ordu kimi tarixdə qaldı: “Dəmir yumruq” düşmənə öz yerini göstərdi.
Təqdimat mərasiminin sonunda yazıçı-publisist Qəni Camalzadə çıxış edərək kitabın araya-ərsəyə gəlməsində ona mənəvi dəstək olanlara minnətdarlığını bildirdi. Ölkəmizdə cəfakeş qələm sahiblərinə verilən qiymətə yüksək dəyərləndirdi.
Sonda müəllif mərasim iştirakçılarına “Kiaksarın son savaşı” kitablarını iltifatla təqdim etdi, avtoqraf yazdı, xatirə şəkilləri çəkildi.

Səadət Sultan, yazıçı-publisist