Qədr gecəsinin gizli saxlanmasının sirri…

0
679
İnsanlar əgər Qədr gecəsinin qədrini bilsəydilər, elə bir nəticə əldə edərdilər ki, bu cür nəticəni dəyərləndirmək heç bir ins, cin və mələk üçün mümkün olmazdı. “Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”. (“Qədr” 2-4).
Həzrət Peyğəmbər (s) buyurur: “Bəni-İsrayildən bir nəfər döyüş paltarını əyninə geyinib və min ay bu paltarda qalır. Allah yolundakı cihadda iştirak etmək üçün hazır olur. Bu kişinin əhvalatı səhabələri təəccübləndirir. Arzu edirlər ki, bu iftixar onlara da nəsib olsun. Qədr surəsinin 3-cü ayəsi nazil olur”.
Bir nəfər İmam Sadiqə (ə) sual verir: ”Ruh – həmin Cəbrayildirmi?”. İmam (ə) buyurur: “Cəbrayil – mələkdir və ruh da mələkdir. Məgər Allah buyurmayıb ki: “O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər””.
“Min kulli əmr” ayəsini isə belə təfsir edirlər ki, mələklər insanların taleyini təyin etmək və xeyir və bərəkət gətirmək üçün nazil olarlar.
Qədr gecəsi elə bir gecədir ki, Quran nazil olmuşdur və bu gecə edilən ibadət və əhya min aydan daha fəzilətli hesab olunur. Ona görə də başdan-başa xeyir və bərəkətlə dolu bir gecədir. Həm bərəkət bəndələrə şamil olar və həm də mələklər göydən yerə enərlər. Şeytan zəncirdə olduğu üçün insanlar ibadətə xüsusi həvəs göstərərlər.
İmam Baqirdən (ə) soruşurlar: “Siz bilirsinizmi ki, Qədr gecəsi hansı gecədir?”. İmam (ə) buyurur: “Necə bilməyim ki, o gecə mələklər ətrafımızda dövr vurarlar”.
Nəql edilir ki, bir neçə mələk Həzrət İbrahimin (ə) yanına gəlir və övladı olacağı ilə müjdələyir və Həzrət İbrahim (ə) onlara salam verir. Onun bu salamdan apardığı ləzzət dünyada olan ləzzətlərə çatmazdı. İndi düşünün ki, bu gecə mələklər dəstə-dəstə nazil olar və bizi əhatə edərlər. Möminlərə salam verərlər, nə qədər ləzzət və bərəkəti olar.
Nə zaman İbarahimi (ə) oda atmaq istəyirlər, mələklər gəlib ona salam verirlər və atəş sönüb gülüstana çevrilir. Görəsən mələklərin möminlərə verdiyi salamla cəhənnəm atəşini də söndürə bilərmi?
“Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq. Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Qur’anın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır)”. (“Duxan” 3-4).
Məsumlardan (ə) Qədr gecəsi haqqında soruşanda dəqiq məlumat verməmişdilər. Belə ki, Həzrət Peyğəmbər (s) Ramazan ayının son on gününü əhya saxlayardı. Imam Sadiq (ə) isə buyurmuşdur: “Qədr gecəsi Ramazan ayının 21 və 23-cü gecəsidir”. Nəql edən bu iki gecədən hansının olduğunu bilmək istəyir və deyir: “Əgər hər iki gecədə ibadət edə bilməzsəm, bunlardan hansını seçim?”. İmam (ə) təyin etməmişdir və buyurmuşdur: “İstədiyin şey üçün bu iki gecə necə də asandır”.
Lakin Məsumlar (ə) ən çox 23-cü gecənin Qədr gecəsi olduğuna gizli də olsa, işarə etmişdilər. Qədr gecəsinin bu qədər gizli olmasının səbəbi budur ki, onun bütün gecələrini əhya saxlayaq. Necə ki, Allah razılğını itaətlərin içində gizlətmişdir ki, insanlar bütün ibadətlərə əhəmiyyət versinlər. Qəzəbini günahların arasında gizlətmişdir ki, hər günahdan çəkinsinlər. Dostlarını insanların arasında gizlətmişdir ki, hamıya hörmət etsinlər. Əzim adını qalan adları içərisində gizlətmişdir ki, hamısını böyük hesab etsinlər. Ölüm vaxtını gizlətmişdir ki, hər bir halda ona hazır olsunlar.
Əməllərin qəbul olduğu bu gecənin fəzilətindən məhrum qalmayaq.
Hazırladı: Məşhədi Xanım,