Qəbul imtahanlarında “ölüm qrupu”: Azı 100 bal artacaq?

0
64

Bu il 85 min nəfər tələbə olmaq üçün müvafiq imtahanlara qatılıb. Təhsil ekspertləri həm say, həm də imtahan göstəriciləri baxımından bu il keçid ballarının artacağını vurğulayırlar. Əsas ehtimal isə 1-ci qrupda 100 bala qədər artımın olması ilə bağlıdır. Mütəxəssislər bu qrupu hətta “ölüm qrupu” da adlandırır.

Bəs bu iddiaların reallaşması mümkündürmü?

Təhsil eksperti Cahid İmanlı səsləndirilən iddialara aydınlıq gətirib. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu haqda deyilənlər həqiqəti əks etdirmir:

“Bu il ali məktəbə qəbul olmaq üçün ən çox sənəd verənlər 1-ci qrupdadır. Amma eyni zamanda bu qrupda ixtisas sayı da çoxdur. Ona görə demək olmaz ki, 1-ci qrupda keçid balları maksimum dərəcədə qalxacaq. Əslində, ötən illərlə müqayisədə ən çox artım 3-cü qrupda olub. Hazırkı ehtimal da bu istiqamətdədir. Balların artma statistikasına gəlincə, burada ilk sıranı 3-cü qrup tutacaq. 2-ci yerdə isə birinci ixtisas qrupu olacaq. 3 və 4-cü yerləri ikinci və dördüncü ixtisas qrupu paylaşacaq. Amma balların 100 bala qədər artma ehtimalı qətiyyən düzgün ehtimal deyil”.

Ekspert keçid ballarının ən çox 50 artacağını da qeyd edib:

“Qəbul imtahanı iki mərhələdən ibarətdir. Birinci mərhələ artıq başa çatıb. Keçən ilə nisbətən buraxılış ballarının orta hesabla 20 bal qalxması məlumdur. Birinci blok imtahanı keçirilsə də, nəticələri heç də ürəkaçan deyil. Blok imtahanlarının buraxılış imtahanlarına nisbətən çətin olması və keçən ilə nisbətən yüksəkballı ixtisasların olmaması bu ildə ciddi bal artımı gözlənilmir. Bəzi ixtisaslarda ən maksimum bal artımı 50-ə qədər ola bilər.

Müəyyən səbəblərə görə, yaxud daha dəqiq desək, Qarabağ universitetində yaradılan şəraitlə əlaqədar olaraq, oradakı bütün ixtisasların keçid balları arta bilər. Eyni zamanda, Sumqayıt Dövlət Universitetinə bu il 500 baldan çox göstərici ilə qəbul olanlara güzəştlərin verilməsinə görə buradakı plan yerlərindəki müəyyən ixtisaslara balların yüksələcəyi istisna olunmur. Ümumi yox, amma ayrı-ayrı subyektiv səbəblərə görə, bal artımı gözlənilə bilər”.