Putinin köməkçisinin “Qarabağ istinadı”nın hədəfləri – Plan nədir?

0
14

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Ukrayna müharibəsində Qarabağı nümunə kimi göstərməsi suallar yaradır: rusiyalı diplomat Qarabağın adını yalnız fikrini gücləndirmək üçün çəkir, yoxsa bu “istinad” Rusiyanın yeni siyasi kampaniyasının tərkib hissəsidir?

İlk baxışdan “istinad”ın sadəcə mövqeyin arqumentləşdirilməsi məqsədi daşıdığı görünür. Rusiya prezidentinin köməkçisi bildirir ki, “biz cəbhə xəttində (Ukrayna müharibəsi) toqquşmanı dayandırsaq və sadəcə atəşkəs bağlasaq, o zaman belə olacaq: bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə – Qarabağ vardı. Bu bölgə də nəhəng Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO və müttəfiqləri ilə onu geri qazanmağa çalışacaq, bu da nüvə müharibəsinə səbəb olacaq”.

Putinin köməkçisinin Qarabağdan “mübahisəli ərazi” kimi bəhs etməsinə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə cavab verib. Hərçənd, Medinskinin bu açıqlaması Rusiyanın Qarabağın azad edilməsini həzm edə bilmədiyinin də etirafıdır. 2023-cü ilin 20 sentyabrından sonra rusiyalı rəsmilər zaman-zaman buna bənzər fikirlər səsləndirib.

Bakı və İrəvan arasında Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmişdi, Azərbaycan 30 il sonra torpaqlarını işğaldan azad etdi, ardınca suverenliyini bərpa etməklə Rusiyaya sülhməramlılarını bölgədən çıxarmaqdan başqa çıxış yolu qoymadı. Moskva tarixində ilk dəfə belə vəziyyətlə üzləşirdi və Medinskinin sözləri Rusiyanın Ukraynada, həm də ümumilikdə postsovet məkanında “Qarabağ ssenarisi” ilə üzləşmək istəməməsi kimi oxuna bilər.

Lakin Medinskinin “Qarabağ istinadı” Ermənistanda mövqelərini bərpa etməyə və bölgədə yenidən güclənməyə çalışan Rusiyanın addımları fonunda sadəcə “mövqeyini arqumentləşdirmək” kimi görünmür, xüsusilə Moskvanın Xankəndidən İrəvana qaçan separatçılara son dövrlər yenidən “yatırım” etməsi fonunda. İki məlumatı bu kontekstdə xatırlamaq olar.

Birincisi, separatçıların İrəvanda yenidən aktivləşməsi və Paşinyan hakimiyyətinin “neytral mövqeyi”dir.

Qarabağdan qaçan separatçıların son addımları – qondarma “parlament seçkisi” keçirməsi, nümayəndəlik binasında tədbirlərin təşkili və s. Paşinyan hakimiyyəti tərəfindən əvvəlki məhdudiyyətlə üzləşmədi. Hesab etmək olar ki, rəsmi İrəvan onlardan Bakı ilə danışıqlarda “kart” kimi istifadə etməyə çalışır. Lakin separatçıların Paşinyan hakimiyyətinə qarşı müxalif elektoratda yer aldığını nəzərə alsaq, bu ehtimal zəifləyir. Ermənistan mediasımda yayılan məlumatlarda isə deyilirdi ki, separatçıların fəaliyyətinin məhdudlaşdırılmamasını Paşinyandan Moskva istəyib. Mövcud şərtlərdə regiona qayıtmağa çalışan Rusiya ilə münasibətləri yenidən normallaşdırmaq istəyən rəsmi İrəvanın belə bir istəyi qəbul etməsi mümkün variantlardandır.

İkincisi, Rusiya “Qarabağ ermənilərinə yardımı” artırır: ötən ayın sonunda Mariya Zaxarova “Qarabağdan olan ermənilərə” kifayət qədər böyük miqdarda humanitar yardımın planlaşdırıldığını açıqlamışdı.

Bu iki informasiya Rusiyanın Qarabağla bağlı yeni siyasi kampaniyasına diqqət çəkir. Və burada “Qarabağ amili” həm Bakı, həm İrəvana qarşı istifadə edilə bilər.

– Ermənilərin yenidən Qarabağa köçürülməsi, keçmiş münaqişə motivlərinin aktullaşdırılması qeyri-mümkündür. Bunu Moskva da anlayır, lakin Rusiyanın Qarabağ amilindən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etmək cəhdləri qalır və belə cəhdlər adətən Bakı ilə münasibətlərdə soyuqluğun olduğu dövrlərdə aktivləşir.

– Rusiya “Qarabağ erməniləri” və separatçılardan Ermənistan hakimiyyətinə qarşı da istifadə edir. Lavrovun İrəvan səfəri fonunda separatçıların aktivləşməsi və Rusiyadan humanitar yardımların artırılması da bu kontekstdə diqqət çəkir. Və aydın görünür ki, Moskvanın humanitar yardımları və dəstəyi separatçılar başda olmaqla “Qarabağ erməniləri”nin seçki dövründə Paşinyana qarşı müxalif cəbhədə birləşməsini daha da stimullaşdırmaq məqsədi daşıyır.


Bu proseslər fonunda Medinskinin “Qarabağ istinadı” təsadüfdən daha çox, Azərbayanın həssas nöqtələrinə toxunmaq və Ermənistan müxalifətinə hakimiyyətə qarşı istifadə edə biləcəkləri yeni gündəm vermək gediş kimi görünür.