Rusiya Prezidenti Vladimir Putin daha bir jurnalistin təhqirinə tuş gəlib.
Ukraynanın “Kanal 24” televiziyasının əməkdaşı Artyom Ovdienko V.Putini hədəf alıb.
Sosial şəbəkə hesabından video paylaşan aparıcı Rusiya Prezidentinin tezliklə ölməsini arzulayıb:
“Anlaya bilmirəm, siz axı bizdən nə istəyirsiniz?”
O, Rusiyada baş verən təbii fəlakətlərdə, İrkutsk vilayətindəki daşqınlarda, sualtı nüvə aparatında yaşanan qəzada V.Putini ittiham edib.
A.Ovdienko, həmçinin Gürcüstanın “Rustavi 2” telekanalı ilə videokörpü haqqında da anons verib.
Maraqlıdır ki, sözügedən video studiyada qeydə alınıb, lakin üzərində kanalın loqosu yoxdur. Materialı “Facebook”da A.Ovdienko özü paylaşıb və belə şərh verib:
“Öz hesabına məzuniyyətə çıxmaq üçün rəhbərliyi məcbur etmək və ya qeyri-rəsmi anons”.
Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın müxalifyönümlü “Rustavi 2” kanalının əməkdaşı Georgi Qabuniya da efirdə V.Putini təhqir etmişdi. Onun bu hərəkəti Moskvada olduğu qədər Tbilisidə də kəskin etirazla qarşılansa da, kanal rəhbərliyi aparıcını işdən çıxarmamış, sadəcə iki aylıq uzaqlaşdırma cəzası vermişdi. V.Putin özü isə onun hərəkətini ciddiyə almadığını demişdi.