Rusiya prezidenti Vladimir Putinin mayın əvvəlində Türkiyəyə gələcəyi gözlənilir. Rusiyanın tanınmış akademiklərindən olan professor Yuri Pivavorov Putinin səfərini “Haber Global”a şərh edib. Onun sözlərinə görə, Putin Qara dənizin təhlükəsizliyini ehtiva edən yeni planla gələcək.
Pivavorovun sözlərinə görə, Vladimir Putinin müharibədən (Rusiya-Ukrayna -red.) sonra ilk dəfə NATO üzvü olan bir ölkəyə səfər etməsi Türkiyənin bölgədəki əhəmiyyətini göstərir.
6 əsrlik münasibət
“Türkiyə Avropada Rusiyanın eyni vaxtda diplomatik, ticari, mədəni və iqtisadi əlaqələr qura bildiyi azsaylı ölkələrdən biridir. Rusiyanın Türkiyə siyasəti onun NATO-ya üzvlüyünə görə deyil, iki ölkənin 15-ci əsrə qədər uzanan tarixi əlaqələri çərçivəsində qiymətləndirilir. Bu, həm dövlətin, həm də ictimaiyyətin nəzərində öz cavabını tapır”, – professor qeyd edib.
Ticarətdə əsas səbəb
Pivavorov vurğulayıb ki, Rusiya Ukrayna ilə müharibədədir, lakin ölkənin iqtisadi və sosial dinamikası davam edir: “Moskvanın Ankara ilə turizm, enerji, xammal, qida və ya ortaq sərmayələrə əsaslanan əlaqələri müharibə dövründə də fasiləsiz davam etdi. Putinin Ankaraya səfəri iki ölkənin enerji, iqtisadiyyat və bank sahəsində yeni təşəbbüslərinə səbəb olacaq. Ən mühüm mövzu ölkələr arasında ticarətin genişləndirilməsidir”.
Yeni Qara dəniz planı var?
“Vladimir Putin şübhəsiz ki, Ankaranın Ukrayna müharibəsinin həlli yollarını masaya qoyacağınl təxmin edir. Rusiya anlayır ki, Türkiyə həm NATO üzvüdür, həm də Qara dənizin sabitliyi və təhlükəsizliyində iştirak etdiyi üçün bu məsələ Ankaranın prioritetidir. Vladimir Putin Türkiyəyə birbaşa səfər edəcəyi üçün Qara dənizin təhlükəsizliyi ilə bağlı yeni plan və təkliflə çıxış edə bilər. Qara dənizdə təhlükəsizlik məsələsi çox həssasdır. Səfər zamanı iki ölkə arasında münasibətlər də hərtərəfli müzakirə olunacaq”, – professor əlavə edib.