Ermənistan Baş naziri Nikol Paşinyan ötən həftə, İrəvanda keçirilən Avrasiya İttifaqı sammiti zamanı özünü qəribə aparıb və Rusiya Prezidenti Vladimir Putinlə əməlli-başlı macəra yaşayıb.
Bu haqda 7or.am internet portalı məlumat paylaşıb.
“Nikolun Köçəryanla Putinin görüşünə qədər və ondan əvvəlki ağlasığmaz macəraları haqda” ironik başlıqlı məqalədə deyilir ki, Paşinyan sammit zamanı əvvəlcədən Putinlə ayrıca görüş planlaşdırmışdı. Lakin görüşdə nədən danışılacağı məlum olmadığına görə Putinin protokol xidməti görüşü qrafikə daxil etmədi.
Artıq Putinin Ermənistana ayaq basan kimi Paşinyan protokol qaydalarını kobud şəkildə pozdu – onu nə aerportda, nə də prezident kortejinin gəldiyi iqamətgahın qarşısında qarşıladı. Putinə bu cür soyuq qarşılama mərasimi təşkil etsə də Paşinyan onunla ikilikdə görüşə nail olmaq istəyirdi.
“Nəhayət, Paşinyan Putinlə ayrıca görüşə… restoranda nail oldu. Şam yeməyi zamanı o, Putindən ayrıca görüş xahiş etdi. Protokol xidmətinin əməkdaşları çox qısa zamanda iki ölkənin bayraqlarını gətirdi və “Dvin” otelində görüş təşkil etdi, bu da Rusiya tərəfini əməlli-başlı təəcübləndirib şoka saldı”, – nəşr yazır.
Beləliklə, otelin restoranında baş tutan görüş zamanı iki ölkə başçıları bir neçə mövzuya toxundular. Onlardan birincisi Rusiyanın Ermənistana satdığı qazın qiyməti idi. Lakin Paşinyanın bu məsələ ilə bağlı sualını “Qazprom”un rəhbəri Aleksey Millerə yönəltdilər, ona başa saldılar ki, qazın qiyməti dövlət başçıları səviyyəsində həll ediləcək məsələ deyil.
Sonra görüşdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın taleyini müzakirə ediblər. ”Putin birbaşa deyib ki, heç kim Köçəryana qarşı irəli sürülmüş ittihamlara və onun barəsində Ermənistan hakimiyyətinin versiyasına inanmır. Nikolun adamlarından bəziləri Köçəryanın azadlığa buraxılmasını hansısa formada qazın qiymətinin aşağı salınması ilə əlaqələndirməyə çalışıb, amma buna sərt reaksiya verilib”, – nəşr yazır.
O da bildirilir ki, Paşinyan Putini yaxınlıqdakı hökumət bağ evinə dəvət edib, amma bu dəvət rədd olunub. Nəhayət, Putin Paşinyana bildirib ki, o Köçəryanın arvadı Bella Köçəryanla səfirlikdə görüş planlaşdırır.