Rusiya prezidenti Vladimir Putin Azərbaycan əsilli jurnalist İradə Zeynalovanı Mavriki Respublikasına səfir təyin edib.
Bu barədə Putinin fərmanı hüquqi aktların rəsmi saytında dərc edilib.
“İradə Avtandilovna Zeynalova Rusiya Federasiyasının Mavriki Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – fərmanda deyilir.
Qeyd edək ki, məşhur jurnalist və teleaparıcı İradə Zeynalova 2022-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasına daxil olub və bu ilin mayında ali diplomatik təhsil alıb.
İradə Zeynalova 20 fevral 1972-ci ildə Moskvada anadan olub, atası Avtandil İsabalieviç azərbaycanlı, anası Qalina Alekseevna rusdur. İradə Zeynalova NTV -də “Həftənin nəticələri” proqramının müəllifi və aparıcısı (2016-cı ildən). NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun məlumat və əyləncə proqramları baş redaksiyasının bədii rəhbəri vəzifələrində çalışıb.
Əvvəllər o, Rusiyanın “Birinci Kanal”ında (2012–2016 “Zaman” proqramının bazar buraxılışının aparıcısı olub, həmçinin “Birinci Kanal” ASC-nin Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri olub. Onun kiçik bacısı Svetlana Zeynalova da radio və televiziya aparıcısıdır.