Putin Əliyev və Paşinyandan nə istəyəcək? – Peterburqda gözlənilən görüş

0
173

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edib. Bu, Rusiyaya Əliyev-Putin-Paşinyan görüşünün keçirilməsi fürsəti verir. Hətta üçtərəfli formatda görüş rəsmi şəkildə baş tutmasa belə, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müəyyən müzakirələr aparacağı mümkündür.

Sankt-Peterburqda mümkün görüşlə bağlı əsas məqam Rusiyanın tərəflərlə nəyi müzakirə edə biləcəyidir.

Moskvanın sülh sazişində vasitəçiliyini şərtləndirəcək iki məsələ mövcuddur:

– sərhədin delimitasiyası: sovet xəritələri Rusiya Baş Qərargahındadır;
– kommunikasiyanın açılması: Azərbaycanın bununla bağlı istəyi və rusların “istinad nöqtəsi” 10 noyabr bəyanatıdır;


Hərçənd, hər iki məsələ üzərində artıq kifayət qədər korrektlər edilib: ikitərəfli formatın önə çıxması fonunda Bakı və İrəvan delimitasiyanı sonraya saxlamaq haqda müzakirə aparır; 10 noyabr bəyanatı de-fakto qüvvədən düşüb və Bakı Naxçıvana “maneəsiz çıxış” məsələsində “Azərbaycandan Azərbaycana prinsipini” irəli sürür;

Bu baxımdan, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müzakirə aparacaq konkret məsələnin qalmadığı görünür. Lakin Putinin tərəflər arasında “hakim” rolunu yenidən ön plana çıxarmaq fürsətindən istifadə etməyə çalışacağı da aydındır. Və əsas müzakirəni kommunikasiyanın açılması, açılacaq yollarda Rusiyanın iştirakçılığını təmin etmək üzərində qura biləcəyi ehtimalı var.

Sankt-Peterburqda üçtərəfli formatda rəsmi, yaxud qeyri-rəsmi təmaslar olarsa, bu, sülh sazişi üzərində hansısa irəliləyişin əldə edilməsi yox, Rusiyanın Qərb qarşısında “bir addım” önə çıxması ola bilər, xüsusilə Qərb platformasında görüşə nail ola bilmədikləri təqdirdə, Moskvanın bunu etməsi fonunda. İstisna deyil ki, Peterburqda mükün görüş Qərbi üçtərəfli təmasların təşkili istiqamətində hərəkətləndirəcək.

Lakin bu mübarizədə ən mümkün həll yolu Bakının irəli sürdüyü variant ola bilər: Əliyev ikitərəfli formatın üzərində dayanmaqla Qərbə Rusiya vasitəçiliyinin önə çıxamayacağını göstərdi və müəyyən qədər də olsa, razılaşdırdı, eyni yanaşma ilə – Qərb platformasına getməməklə Moskvanın da Bakı-İrəvan sülh danışıqlarına aktiv müdaxiləsinin qarşısını ala bilər.