Bir neçə gün əvvəl bir manatlıq əsginasa tüpürərək, ödəniş terminalına daxil edən gəncin hərəkəti ictimaiyyətdə ciddi rezonans doğurdu.
Dövlət atributumuza qarşı hörmətsizlik və iyrənc hərəkət edən Gəray İsgəndərli adlı gənc sosial şəbəkələrdə sərt tənqid edilib. Hətta onun məsuliyyətə cəlb olunması üçün çağırış edilib.
Təəccüb doğuran məqam isə sözügedən gəncin sabiq ombudsman Elmira Süleymanovanın qardaşı nəvəsi olmasıdır.
Məsələ ilə bağlı ictimai xadim, sabiq ombudsman Elmira Süleymanova faktı təsdiqləyib:
“Əslində yazmışdılar ki, mənim nəvəmdir. Sonradan üzr istədilər. Amma ki, uşağın mənim uzaq qohumum olması bir həqiqətdir. İndi mən də zəng edib soruşuram ki, bu hadisə necə oldu axı? O, həm savadlı, həm tərbiyəli uşaqdır, həm də tələbədir. Deyir ki, vallah tüpürməmişəm, üfürmüşəm. Uşaq ki, uşaqdır… Mənim qardaşımın nəvəsidir. Amma mənim həyatım belə qurulub ki, mən doğmalarım, nəvə və nəticələrimlə belə görüşə bilmirəm. Yalnız telefon əlaqəsi saxlayıram. Mən həmişə o uşağın xoş sözünü eşitmişəm.
Hərəkətini etiraf etdi, amma dedi ki, deyilən şəkildə olmayıb. Deyir üfürmüşəm. Bütün hallarda axmaqlıq edib. Xətadır, şeytan işidir!”
Məsələyə, DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də münasibət bildirib:
“Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb. Paytaxt sakini Gəray İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb. O, bu əməlindən peşman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərə görə üzrxahlıq edib”, – deyə Elşad Hacıyev qeyd edib.
Videoya aşağıdakı linkdən baxa bilərsiniz