Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elçin Əliyevin anası Səmayə Əliyeva və mərhumun dostu, fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyevin ifadəsi səsləndirilib.
Onlar məhkəmədə dindirilməli olsalar da, prosesə gəlməyiblər.
Daha sonra hadisə vaxtı Azərbaycanın Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi “Sikora” kafesinin işçilərinin ifadələri diqqətə çatdırılıb. İşçilər eyni məzmunda ifadə verərək, hadisə günü R.Əkbərovu səfirlikdə və restoranda gördüklərini bildiriblər.
Məlum olub ki, hadisə günü E.Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə “Cənab zabit” mahnısını sifariş edib. Daha sonra onlar görüşəndə E.Əliyev R.Əkbərova deyib ki, “mən səfirliyə gələndə siz samovar qaynadırdız”. R.Əkbərov cavabında “mən sənin üçün çayçı deyiləm” deyib və aralarında mübahisə yaranıb. Daha sonra mübahisə restoranın qarşısında davam edib və qətl törədilib.
R.Əkbərovun vəkilləri şahidlərin cinayət işi ilə bağlı əvvəllər fərqli ifadə verdiyini, lakin sonuncu dindirilmədə ifadələrini dəyişərək generalın əleyhinə danışdıqlarını bildiriblər.
Daha sonra Rövşən Əkbərov ifadə verib. O bildirib ki, hadisə günü həmin kafedə olmayıb:
“2001-ci ilin mayında Azərbaycanın Ukraynadakı səfirliyində “Azərbaycan günləri” keçirilirdi. Mən də orada hərbi atteşe kimi iştirak edirdim. Orada tort kəsilib, çay içmişdik. Tədbirdə Elxan Cəbiyev də iştirak edirdi. Onunla görüşdüm. Ona dedim ki, məxfi sənədlər var, onları Müdafiə Nazirliyinə çatdırmaq lazımdır. Ondan xahiş etdim ki, həmin sənədləri aparsın. Mən ümumilikdə həmin dövrdə 372 kitab göndərmişəm, həmin kitablarda burada çoxaldılaraq korpuslara paylanılıb”.
Rövşən Əkbərovun sözlərinə görə, həmin gün səfirlikdə ailə üzvləri ilə birlikdə olub:
“Gecə səfirliyin işçisi olan Səbuhidən anam və qızımı aparmasını istədim. O da apardı, sonra mən oğlumu da götürərək evə getdim. Səhəri gün Yalçın Qocayev zəng etdi, bizi səfirliyə çağırırlar. Bildirdi ki, Elçinlə Qüdrəti vurublar. Mən də səfirliyə getdim. Orada eşitdim ki, Azərbaycandan nümayəndə heyəti gəlir, Nazim İbrahimov da onların arasındadır. Bundan sonra akademiyaya getdim”.
Rövşən Əkbərov bildirib ki, bundan sonra səfirlikdə ona qəzetləri göstəriblər:
“Bakıda qəzetlərdə şəkilini qoyaraq Rövşən Əkbərovun olduğu yerdə qətl törədilməsini yazıblar. Bundan sonra bildirdilər ki, Nazim İbrahimov Elçin Əliyevin ailəsinə zəng edib və deyib ki, onu Rövşən Əkbərov öldürüb. Mən də Nazim İbrahimovun harada olduğunu soruşdum. Ondan Bakıya belə bir hadisədə mənim adımı hallandırmasını soruşdum. Nazim İbrahimov bildirdi ki, nə danışırsız, siz iqtidarın adamısız. Mən elə bir söz deməmişəm”.
Rövşən Əkbərov bildirib ki, 2002-ci ildə Bakıya gəlib və “Gülüstan” restoranında tədbirdə olub:
“Tədbirdə Nazim İbrahimovu gördüm. Orada yanımızda çox adam var idi. Nazim İbrahimova dedim ki, adam kişi olar, üzdə bir söz deyirsiz, arxada başqa söz. Nazim İbrahimov da həmin vaxt mənə dedi ki, o başqa heç nə deməyib. Mən burada olduğum vaxt bir nəfər deyən olmadı ki, gəl söhbət edək, görək sənin adın niyə bu işdə çəkilir”.
Generalın sözlərinə görə, sonradan müstəntiqə ifadə verib:
“Amma mənə bir söz deyən olmadı. Orada prokuror da, polis rəisi də iştirak edirdi. Sonra deyirlər ki, hərbi formada kafedə olmuşam. Heç kim hərbi formada kafedə oturmaz. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim. Məzahir Şıxəliyev əgər mənimlə mübahisə edibsə, məni tanımalı idi. Daha niyə şəkil istəyirdi ki, məni tanısın. Elçin Əliyevi cəmi 2-3 dəfə görmüşəm. Elçin Əliyevlə heç bir masa arxasında əyləşməmişəm. Onunla nə çörək yemişəm, nədə ki münasibətim olub. Bu işin mənə aidiyyatı yoxdur. Müstəntiq deyir ki, cinayət işi açılıb. Öz əlaqələrim vasitəsilə soruşdum ki, nə səbəbə cinayət işi açılıb. Bildirildi ki, müstəntiq restorana çağırılıb, orada baş prokuror, hərbi prokuror, bir də sizin nazir olub. Deyiblər ki, cinayət işi açılmalıdır”.
Rövşən Əkbərov daha sonra qeyd edib ki, bu qətlin ona aidiyyatı yoxdur:
“Onların kiminləsə problemi var, bunu araşdırsınlar. Kişi kimi deyirəm ki, bu qətllə əlaqəm yoxdur. Nəyə desən and içə bilərəm”.
Prokurorun suallarını cavablandıran Rövşən Əkbərov deyib ki, 1991-ci ildə Milli Orduya qəbul olub və birinci Qarabağ müharibəsində iştirak edib:
“Göstərdiyim xidmətə görə Milli Qəhrəman adı almışam, “Vətən uğrunda” medalları ilə təltif olunmuşam”.
O qeyd edib ki, Elçin Əliyev ilə heç vaxt kafedə olmayıb, həmin kafedə heç vaxt gecə olmayıb. Deyib ki, Məzahir Şıxəliyevi heç vaxt görməyib, tanımayıb.
Rövşən Əkbərov daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqovun suallarını cavablandırmaqdan imtina edib.
Daha sonra işdə olan sənədlər tədqiq olunub və məhkəmə istintaqı tamamlanıb, çıxış etmək üçün söz prokurora verilib. O, cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə alaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinməsini istəyib. Prokuror müttəhimin 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Elçin Əliyevin vəkili isə cəza tələbinin az olduğunu, R.Əkbərova 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edib.
R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər.
Proses oktyabrın 22-də davam etdiriləcək.