Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya Qüvvələrində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib.
DSX-dən verilən məlumata görə, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdırıb.
Tədbir zamanı Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərdiklərinə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.