Prezidentin köməkçisi: “Ermənistan Azərbaycanın yeni ərazilərinə iddia edirdi”

0
665

 

“Ermənistanın Tovuzdakı təxribatlarının bir neçə səbəbi var. Bundan əvvəl Ermənistan işğalçı və irticaçı doktrina qəbul etmişdi. Burada yeni ərazilərə iddialar var idi”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı keçirilən mətbuat konfransında bildirib.

H.Hacıyev əlavə edib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusuna məxsus UAZ avtomobilinin guya Ermənistan tərəfinə keçməsi barədə iddiaları gülüş doğurur

“Bu, təsadüfi atəşkəs pozulması halları deyildi. Məqsəd diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq və Ermənistanın daxil olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etmək idi.

Ermənistanın digər məqsədi yeni ərazilər işğal etmək və ərazidəki Azərbaycana məxsus yüksəkliklərin ələ keçirilməsi idi. Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ordusu Ermənistana layiqli zərbələr endirdi və Azərbaycanın sərhəd toxunulmazlığı və mülki əhalisinin təhlükəsizliyi təmin edildi.

“Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri də fiasko ilə nəticələndi. Çətin vəziyyətə düşən Ermənistan və erməni lobbisi Kim Kardaşyanın yardımına müraciət etdilər”, -deyə o əlavə edib.

H.Hacıyev söyləyib ki, Ermənistan silahlı qüvvələri qəsdən, məqsədyönlü şəkildə mülki əhalini də hədəfə aldı:

“Təəssüflər olsun ki, Tovuz hadisələrində bir nəfər mülki sakin həlak oldu”.