Prezidentin Çin səfəri: Bakı və Pekin Avrasiyanın gələcəyini inşa edir

0
11

Qlobal siyasətdə yüksələn Çin və Avrasiyanın gələcək siyasi münasibətlər sistemində həlledici söz sahibi olan Azərbaycan. Prezident İlham Əliyevin Pekinə dövlət səfəri Azərbaycan-Çin münasibətlərinin ikitərəfli və bütövlükdə Avropa-Asiya xətti üçün əhəmiyyətini ön plana çıxardı. Ərazi baxımdan kiçik olan Azərbaycan liderinin Çinə xüsusi səfərə dəvət edilməsi də bu kontekstdə dəyərləndirilməlidir.

Birincisi, Cənubi Qafqazın əsas gücü olan Azərbaycan təkcə bu regionda yox, ümumilikdə Avrasiyada önəmli aktordur.
İkincisi, Prezident İlham Əliyev qlobal müstəvidə nüfuzlu liderdir.


Çinin Azərbaycanla münasibətlərə bu qədər xüsusi önəm verməsinin arxasında bir-birindən qaynaqlanan bu iki amil dayanır. Prezident İlham Əliyev Azərbaycanı qlobal münasibətlər sistemində bütün tərəflərin işləmək istədiyi gücə çevirib.

Azərbaycan Çin üçün niyə önəmlidir?

1. Çin üçün Azərbaycan Cənubi Qafqazda mövcudluğun açarıdır. Rəsmi Pekin regionun digər iki ölkəsi – Gürcüstan və Ermənistanla da əməkdaşlıq edir, lakin anlayırlar ki, bu regionda davamlılıq Bakıdan asılıdır.

2. Azərbaycan Çin üçün iqtisadi baxımdan yeni bazardır. Ərazi baxımdan kiçik olsa da, Azərbaycanın sosial-iqtisadi inkişafı Çinə xarici ticarət əlaqələrini şaxələndirmək baxımından lazımlıdır. Təsadüfi deyil ki, ötən il Azərbaycanın ümumi xarici ticarətinin 8 faizə qədəri Çinin payına düşür. Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşıdır.

3. Azərbaycan “Bir kəmər, bir yol” (Belt and Road Initiative – BRİ) layihəsinin əsas hab mərkəzlərindən biridir.

Çin bu layihəni Avrasiyada siyasi-iqtisadi münasibətlər sistemini inkişaf etdirmək və qlobal gücə çevrilmək perspektivi olaraq görür. Və BRİ-nin ən sərfəli və aktual marşrutu olan Orta dəhlizin perspektivi də Azərbaycandan asılıdır. Çin-Mərkəzi Asiya-Cənubi Qafqaz-Türkiyə-Qara dəniz marşrutundan keçən Orta dəhlizin üç əsas habı var.

– Mərkəzi Asiya;
– Cənubi Qafqaz;
– Qara dəniz;


Bu habların birləşdiyi Orta dəhliz Çindən Avropa bazarına ən sürətli çıxış imkanı verir. Azərbaycan Orta dəhlizin birləşdirici habını təşkil edir. Avrasiyada 4 milyard əhalini birləşdirən, 70-ə qədər ölkənin iştirak etdiyi və dünyanın gələcək 50 illik iqtisadiyyatını müəyyən edəcəyi proqnozlaşdırılan BRİ layihəsinin quru marşrut üzrə üç əsas dəhlizi mövcuddur: Şimal, Cənub və Orta.

Şimal dəhlizində yerləşən Rusiyanın, eləcə də Cənub dəhlizində yerləşən İranın Qərblə kəskin münasibətləri daşımaların bu dəhlizlər üzərindən həyata keçirilməsini risk altına atır. Bu, Mərkəzi Asiyadan Azərbaycana, buradan Türkiyə üzərindən Avropaya çıxan Orta dəhlizi aktuallaşdırır. Qarabağ münaqişəsinin həlli, eləcə də Zəngəzur dəhlizi layihəsinin aktuallığı Orta dəhlizi daha da perspektivli edib. Bu vəziyyətdə Rusiya və İranı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsi hər iki istiqamətdəki dəhlizləri Orta dəhlizdə – Azərbaycan üzərində birləşdirmək imkanı verir. Artıq bununla bağlı işlər həyata keçirir və bu, Azərbaycanı “Bir kəmər bir yol” layihəsində əhəmiyyətli haba çevirir. Burada bir neçə amil də xüsusi vurğulanmalıdır.

a) Cənubi Qafqazın nəqliyyat şəbəkəsinin əsas arteriyaları Azərbaycana məxsusdur;
b) Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Avropa və Asiyanı birləşdirən körpüdür;
c) Orta dəhlizdə ticarət əlaqələrinin inkişafı üçün lazım olan sabitlik və əməkdaşlıq arxitekturasını quran və inkişaf etdirən məhz Azərbaycandır: rəsmi Bakının Türk Dövlətləri Təşkilatındakı rolu, şimalda Rusiya, cənubda İranla sıx münasibətləri, regionda siyasi-iqtisadi münasibətlərin perspektivi üçün irəli sürdüyü təşəbbüslər (misal üçün, “3+3” formatı) xüsusilə diqqət çəkir.

Burada ən önəmli məqamlardan biri də Azərbaycanın Orta dəhlizdə daşımaların artırılmasına verdiyi praktiki töhfələrdir, son 20 ildə nəqliyyat infrastrukturunun inkişafına dair statistik məlumatlar hər şeyi ifadə edir:

– 21 min kilometr yol inşa edilib və ya təmir olunub;
– 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid inşa olunub;
– 1500 kilometrdən çox dəmiryolu çəkilib, 1800 kilometr dəmiryolu təmir olunub;

Azərbaycan BRİ layihəsi üçün Bakı-Tbilisi-Qars, Beynəlxalq Dəniz Ticarəti Limanı, eləcə də Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi önəmli infrastruktura malikdir.

Çin Azərbaycan üçün niyə önəmlidir?

1. Çin dünyanın siyasi, iqtisadi və hərbi baxımdan yüksələn gücüdür və bu ölkənin yeni dünya nizamında əsas qütblərdən biri olacağı proqnozlaşdırılır.
2. Qlobal güc strategiyasında Çin iqtisadi münasibətlərə xüsusi önəm verir və bu, Azərbaycana xarici investisiyaların cəlb edilməsi üçün əhəmiyyətlidir.
3. Dünyanın ikinci iqtisadiyyatına, birinci istehsal gücünə malik olan Çinlə əməkdaşlıq Azərbaycanın iqtisadi inkişaf planlarına mühüm töhfə verir.
4. Azərbaycan əsas hədəfi Avrasiyanın nəqliyyat şəbəkəsində dayanıqlı rolunu saxlamaq və gücləndirməkdir, bu baxımdan, Çinin BRİ layihəsi və Orta dəhliz marşrutu Bakı üçün strateji maraq kəsb edir.

Hər iki ölkə – Çin və Azərbaycan qarşılıqlı maraqlara malikdir, hərçənd, ölkəmizin strateji əhəmiyyəti və Prezident İlham Əliyevin qlobal siyasətdə oynadığı rol tərəzinin Azərbaycan gözünə ağırlıq verir. Çünki Avrasiyada siyasi, iqtisadi, ticarət və logistika baxımından birləşdirici-körpü roluna malik olan Azərbaycan Uzaq Şərqdə olduğu kimi, Uzaq Qərbdə də əhəmiyyətli oyunçu kimi qəbul olunur. Çinin Azərbaycanla münasibətlərə böyük önəm verməsinin təməlində bu amillər dayanır.

Bütün bunların fonunda Strateji tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycan və Çinin əlaqələri hərtərəfli strateji səviyyəyə yüksəltməsi təsadüfi deyil və iki ölkənin həm ikitərəfli münasibətlərə, həm qlobal siyasətə ortaq baxışından irəli gəlir. Pekinə səfər edən Prezident İlham Əliyevlə Çinin Sədri Si Cinpinin imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” özündə mühüm detalları birləşdirir.

Əliyev və Cinpinin imzaladığı sənədi bir neçə istiqamətdə dəyərləndirmək olar.

Siyasi münasibətlər və qlobal təhlükəsizlik

Bir-birinin timsalında etibarlı tərəfdaş görən Azərbaycan və Çin bu bəyannamə ilə münasibətlərini daha yüksək səviyyəyə yüksəldir. Və bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Çin daim Azərbaycanın ərazi bütövlüyünə dəstək verib, Azərbaycan da daim “Vahid Çin” prinsipindən çıxış edib.

Birgə Bəyanatda bu məqam açıq mətnlə öz əksini tapır.

– Azərbaycan dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.
– Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

Tərəflər BMT mərkəzli dünya quruculuğunun və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamın qorunmasına səy göstərir və güc siyasətinə qarşı çıxırlar. Ümumbəşəri dəyərlərin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə çıxış edir, yeni növ beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılmasına səy göstərirlər.

Bu, hər iki ölkənin zaman-zaman üzləşdiyi kənar müdaxilələrə qarşı mövqe sərgiləmək, eyni zamanda, qlobal sülhün bərqərar olması baxımından əhəmiyyətlidir.

Qlobal dialoqa dəstək

Azərbaycan və Çin dünyada qlobal dialoqu təşviq edən əsas ölkələr kimi çıxış edirlər. Bu məsələdə Azərbaycan Çinin irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü, Çin isə qlobal təşəbbüslər platforması olan “Bakı prosesini” dəstəkləyir.

İqtisadi əməkdaşlıq və logistika

Bəyanatda qeyd olunur ki, “Tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar”.

Bu, ümumilikdə Avrasiyanın logistika şəbəkəsinin inkişafı və böyük bir coğrafiyada ticarət əlaqələrinin təşviqi baxımından önəmlidir. Eləcə də hər iki ölkənin xalqına rifah perspektivi vəd edir.

Bununla yanaşı, Çinin Azərbaycanın müxtəlif sektorlarına investisiya yatırması – bərpa olunan enerji, nəqliyyat-logistika, sənayenin rəqəmsal transformasiyası, neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə əməkdaşlıq, elmi-tədqiqat sahəsində əlaqələrin gücləndirilməsi, eləcə də turizm sektorunda birgə fəaliyyət kimi mühüm anlaşmalar əldə olunub. İki ölkə arasında viza rejiminin ləğv olunması bu sahələrdə əməkdaşlığı və qarşılıqlı faydaların əldə edilməsini şərtləndirən amillərdəndir.

Qlobal iqlim probleminə ortaq yanaşma

Çin COP29-un Bakıda uğurla keçirilməsinə görə Azərbaycanı təbrik edir, Azərbaycanın sədrliyi ilə COP29 çərçivəsində irəli sürülən “Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünü yüksək qiymətləndirir. 2026-cı ildə Bakı şəhərində 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsini nəzərə alaraq, Çin tərəfi Azərbaycan tərəfinə dəstəyini ifadə edib, sıx və səmərəli əməkdaşlığa hazır olduğunu təsdiqləyib. Tərəflər bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”na və “Paris Sazişi”nə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırır. Azərbaycan və Çin qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər.

Birgə bəyanat, ümumiyyətlə Azərbaycan və Çin münasibətləri Avrasiyanın gələcək inkişafı, iqtisadi münasibətlər sisteminin güclənməsi və qlobal təhlükəsizliyin qorunması baxımından mehem perspektivləri ortaya çıxarır.