Prezidentdən daha bir FƏRMAN: Onminlərlə evsiz vətəndaşı əhatə edəcək

0
600

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli, “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli və “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikasının 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab) maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; 2019, № 1, maddə 60, № 3, maddələr 411, 416) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2-ci bənddə “mexanizminin” sözü “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi” üzrə:

1.2.1. 1.1-ci bənddə “mexanizminin” sözü “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin” sözləri ilə əvəz edilsin;

1.2.2. 2.1-ci bəndə “təmin edilməsi” sözlərindən sonra “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898, № 10, maddə 1991) ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddən “habelə” sözü çıxarılsın, həmin bəndə “1760 nömrəli” sözlərindən sonra “, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli” sözləri və “(bundan sonra – faiz subsidiyaları)” sözlərindən sonra “, habelə yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə” sözləri əlavə edilsin;

2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.2. ərizəçi – Azərbaycan Respublikasının vətəndaşı olan, ipoteka krediti almaq istəyən və ya satmaq öhdəliyi ilə kirayə müqaviləsinin (bundan sonra – kirayə müqaviləsi) bağlanılması üçün müraciət edən şəxs və ya sahibkarlıq krediti almaq üçün müraciət edən rezident sahibkar;”;

2.3. 2.1.3-cü və 6.1.4-cü yarımbəndlərdə “kredit almaq istəyən şəxs” sözləri “ərizəçi” sözü ilə əvəz edilsin və 2.1.3-cü yarımbəndə “qiymətləndirici” sözündən sonra “və bu Əsasnamənin 8.2-1-ci bəndinə münasibətdə Fond” sözləri əlavə edilsin;

2.4. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.5. dosye – elektron sistem istifadəçilərinin yaratdığı və ərizəçinin bu Əsasnamə ilə tələb olunan məlumatlarını əks etdirən sənədlər toplusu.”;

2.5. 3.1-ci bənddə “ipoteka və sahibkarlıq kreditlərinə” sözləri “Fondun həyata keçirdiyi xidmətlərə” sözləri ilə və “kredit almaq istəyən şəxslər” sözləri “ərizəçilər” sözü ilə əvəz edilsin;

2.6. 4.5-ci bəndin ikinci cümləsində “6.1.3-cü” sözləri “6.1.3-1-ci” sözləri ilə əvəz edilsin, üçüncü cümləsinə və 7.0.13-cü yarımbəndə “məlumatların” sözündən sonra “, o cümlədən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların” sözləri əlavə edilsin;

2.7. 6.1.1-ci yarımbəndə “ipoteka kreditləri üzrə təminatların” sözlərindən sonra “verilməsi, kirayə müqaviləsinin bağlanılması” sözləri əlavə edilsin;

2.8. aşağıdakı məzmunda 6.1.3-1-ci yarımbənd əlavə edilsin:

“6.1.3-1. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə Fondun mülkiyyətində olan yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması, o cümlədən kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;”;

2.9. 6.1.5-ci yarımbəndə “müvəkkil bank” sözlərindən sonra “, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxslərin isə Fond” sözləri əlavə edilsin;

2.10. 6.1.6-cı yarımbənddə “kredit almaq istəyən şəxsin müvafiq olaraq” sözləri “ərizəçinin müvafiq olaraq Fonda və ya” sözləri ilə əvəz edilsin;

2.11. 6.1.7-ci yarımbəndə “ipoteka kreditləri üzrə təminatların” sözlərindən sonra “verilməsi, kirayə müqaviləsinin bağlanılması” sözləri əlavə edilsin və həmin yarımbənddə “6.2-ci və 6.3-cü” sözləri “6.2-6.3-cü” sözləri ilə əvəz edilsin;
2.12. aşağıdakı məzmunda 6.1.7-1-ci yarımbənd əlavə edilsin:

“6.1.7-1. kirayə müqaviləsinin bağlanılması üçün qeydə alınmış müraciətlərə və kirayə müqaviləsi bağlamaq üçün müraciət edən şəxsin imkanına uyğun olaraq, növbəlilik əsasında yaşayış sahələrini seçmək imkanının yaradılması və seçilmiş yaşayış sahələrini digər şəxslərin seçməsi imkanının məhdudlaşdırılması;”;

2.13. 6.1.8-ci yarımbəndə “sığorta ödənişlərinin,” sözlərindən sonra “kirayə müqaviləsi üzrə aylıq ödənişlərin,” sözləri əlavə edilsin;

2.14. aşağıdakı məzmunda 6.2-1-ci bənd əlavə edilsin:

“6.2-1. Kirayə müqaviləsinin bağlanılması ilə əlaqədar aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:

6.2-1.1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

6.2-1.2. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

6.2-1.3. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;

6.2-1.4. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin ailə tərkibi barədə məlumatlar;

6.2-1.5. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

6.2-1.6. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin kredit bürolarında saxlanılan məlumatları;

6.2-1.7. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar;

6.2-1.8. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar;

6.2-1.9. satmaq öhdəliyi ilə kirayəyə veriləcək yaşayış sahələri ilə bağlı ünvan reyestrindən məlumatlar.”;

2.15. 6.3.10-cu yarımbənddə “kredit almaq istəyən şəxsin” sözləri “sahibkarın (fərdi sahibkarın və ya qanuni təmsilçisinin)” sözləri ilə əvəz edilsin;

2.16. 6.5-ci bənddə “6.2-ci və 6.3-cü” sözləri “6.2-6.3-cü” sözləri ilə əvəz edilsin;
2.17. aşağıdakı məzmunda 8.1-1-ci bənd əlavə edilsin:

“8.1-1. Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslər aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.1-1.1. elektron kabinet yaratmaq;

8.1-1.2. kirayə müqaviləsini bağlamaq üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;

8.1-1.3. kirayə müqaviləsi bağlamaq imkanını kirayə kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;

8.1-1.4. Fonda elektron müraciəti real vaxt rejimində göndərmək;

8.1-1.5. kirayə müqaviləsi üzrə ödənişləri elektron formada həyata keçirmək;

8.1-1.6. axtarış sistemi vasitəsilə yaşayış sahələrini bu Əsasnamənin 6.1.3-1-ci yarımbəndində müəyyən edilmiş meyarlara əsasən axtarmaq və imkanına uyğun yaşayış sahəsini seçmək.”;

2.18. 8.2.4-cü və 8.4.4-cü yarımbəndlərdə (hər iki halda) ismin müvafiq hallarında “kredit işi” sözləri ismin müvafiq hallarında “dosye” sözü ilə əvəz edilsin;
2.19. aşağıdakı məzmunda 8.2-1-ci bənd əlavə edilsin:

“8.2-1. Kirayə müqaviləsinin bağlanılması üzrə Fond aşağıdakı istifadə imkanlarına malikdir:

8.2-1.1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslərin müraciətlərini növbəlilik əsasında qeydiyyata almaq, müraciət edən şəxslə münasib görüş vaxtını təyin etmək;

8.2-1.2. kirayə müqaviləsinin bağlanılması ilə bağlı müvafiq qərar qəbul edildiyi gün bunu müraciət edən şəxsə bildirmək;

8.2-1.3. kirayə müqaviləsi bağlamış şəxslərin dosyesini yaratmaq, redaktə etmək,
dosye üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;

8.2-1.4. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə mülkiyyətində olan yaşayış sahələri barədə məlumatı elektron sistemə daxil etmək;

8.2-1.5. kirayə müqaviləsinin bağlanılması üçün tələb olunan və bu Əsasnamənin 6.2-1-ci bəndində nəzərdə tutulmuş məlumatları almaq;

8.2-1.6. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.”;

2.20. 8.5.1-ci yarımbənddə “kredit almaq istəyən şəxslər” sözləri “ərizəçi” sözü ilə və 9.5-ci bənddə “Kredit almaq istəyən şəxslər” sözləri “Ərizəçi” sözü ilə əvəz edilsin;

2.21. 9.4-cü bənddən “fərdi məlumatlar sahəsində” sözləri çıxarılsın;

2.22. 9.6-cı bənddə “ərizəçinin” sözü “elektron sistemin digər istifadəçisinin” sözləri ilə əvəz edilsin;

2.23. 10.3-cü bəndə “ipoteka kreditləri üzrə təminatların” sözlərindən sonra “verilməsinə, kirayə müqaviləsinin bağlanılmasına” sözləri əlavə edilsin.

3. “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 78) 3-cü hissəsinə “Fondu” sözündən sonra “bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üzrə vətəndaşlara göstərilən xidmətlərin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilməsini təşkil etsin və” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2019-cu il.
İqtisadçı-ekspert Vüqar Bayramov daha əvvəl olan kirayə mənzil fondu ilə bağlı ən vacib məqamlara izah etmişdi:

1. Kirayə mənzilin verilməsi mexanizmi necə olacaq?

İpoteka və Kredit Zəmanət Fondunun tabeçiliyində olan mənzillər kirayə veriləcək. Vətəndaşlarımız fondun təklif etdiyi şərtlər ilə mənzili kirayəyə götürmək imkanı qazanacaqlar. Bu zaman mənzillərin aylıq kirayə haqqları fondun ev üçün çəkdiyi xərclərə əsasən müəyyənləşəcək.

2. Fond kirayə təklif etmək üçün vəsaiti haradan cəlb edəcək?

Qaydalara görə, fondun kapitalı və fondun emissiya etdiyi istiqrazlardan daxil olan vəsait hesabına evlər alınacaq. Qeyd edək ki, fondun nizamnamə kapitalı 466 milyon manatdır.

3. Kimlər kirayə mənzilə sahib ola bilər?

Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Mənzillərə sahib olmaq üçün mövcud sənəd başqa şərtlər müəyyənləşdirməyib. Bu o deməkdir ki, ödəmə qabiliyyəti olan və borc öhdəliyi olmayan istənilən vətəndaşımız kirayə mənzillərə sahib olmaq üçün müraciət edə bilər.

4. Yaşayış sahəsinin qiyməti necə müəyyənləşəcək?

Qaydalara əsasən, yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir.

5. Kirayə hansı müddətə bağlana bilər?

Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.

6. Kirayəçi mənzilə ən tezi hansı müddətdən sonra sahib ola bilər?

Müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüqquna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.

7. İlkin ödəniş tələb olunurmu?

Kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir.

8. Kirayəçi mənzili rəsmi olaraq başqa şəxsə ötürə bilərmi?

Qaydalar, kirayəçiyə belə hüquq verir. Fondun yazılı razılığı ilə kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Sadəcə kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə o zaman fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyə verəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş verir. Bu hal kirayə müqaviləsində də qeyd olunacaq.

9. Kirayəçi dünyasını dəyişəndə müqavilə şərtləri necə icra olunur?

Kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin kirayəçinin vərəsələrinə keçir.

10. Kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi mümkündürmü?

Kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə isə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququna malikdir.

11. Fond hansı mənzilləri təklif edəcək?

Fond öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər. Mənzillər tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır.

12. Kirayə mənzillər ilə bağlı məlumatı haradan əldə etmək mümkün olacaq?

Fond satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdiriləcək.

13. Kirayə mənzilə sahib olmaq üçün necə müraicət etmək mümkün olacaq?

Təsdiq olunmuş qaydalara görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək.

14. Fondun razılıq verdiyi müqaviləyə nə zaman xitam verilə bilər?

Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilmirsə o zaman müqaviləyə xitam verilir.

15. Kirayə müqaviləsinin bağlanılmasından imtina edilmiş şəxs yenidən müraciət edə bilərmi?

Kirayə müqaviləsi bağlamaqdan imtina edilən şəxs yenidən müraciət etmək hüququna malikdir.

16. Aylıq ödənişin məbləği necə hesablanacaq?

Fond aylıq ödəniş məbləğini fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər, bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalar və yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərcləri əsasən hesablanacaq.

17. Ödənilmiş aylıq ödənişlər geri qaytarıla bilərmi?

Qaydalara əsasən, fonda ödənilmiş aylıq ödənişlər Fondun gəliri hesab olunur və geri qaytarılmır.

18. Aylıq ödənişlər sabit rəqəm olacaqmı?

12 aylıq ilkin ödənişdən sonra kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrlə ödəniləcək.

19. Kirayə mənzildə yaranan xərcləri kim ödəyir?

Kirayəçinin istifadəsinə verildikdən sonra yaşayış sahəsinin təmir səviyyəsinin yaxşılaşdırılması və əlavə təmirlə bağlı xərclər kirayəçinin vəsaiti hesabına həyata keçirilir. Yaşayış sahəsində yenidənqurma və ya yenidənplanlaşdırma, habelə əsaslı təmir işləri yalnız Fondun yazılı razılığı ilə həyata keçirilə bilər. Kommunal xərcləri və digər məcburi ödənişləri də kirayəçi ödəyir.

20. Kirayə müqaviləsinə hansı hallarda xitam verilir?

Kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə, kirayə müqaviləsi üzrə kirayə hüquq münasibətlərinə xitam verilir. Yəni, bu zaman artıq kirayəçi mənzilə sahib olur və “kupça” alır. Artıq o kirayə haqqı ödəmit. Kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Fond isə ödənişləri 60 gün və daha çox müddətə yubatdıqda, kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə, kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə müqaviləyə xitam verir.

21. Sığorta hadisəsi baş verəndə vəsait necə bölüşdürülür?

Sığorta ödənişi kirayəçi ödədiyi vəsait ilə ödənilməmiş qalıq məbləğinin nisbətinə uyğun olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür.