Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir

0
605

Ermənistan tərəfinin Azərbaycanın işğal edilmiş ərazilərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə qondarma “seçkilər” keçirməsinə kəskin şəkildə etiraz edirik. Beynəlxalq ictimaiyyət uzun illərdən bəri mövcud olan işğal faktı çərçivəsində davam edən bu qanunsuzluğun qarşısının alınması üçün dərhal ciddi tədbirlər görməlidir.

Bu fikirləri  Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ifadə edib.

Təcavüzkar tərəfin təxribatçı fəaliyyəti nəticəsində regionda ciddi münaqişə risklərinin yarandığını diqqətə çatdıran Şamil Ayrım deyib: “Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün böyük səylər göstərir. İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir. ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə bu saxta “seçkiləri” münaqişənin ədalətli və uzunmüddətli həll variantının axtarılması cəhdlərinin baltalanması kimi dəyərləndirir”.

O bildirib ki, ərazisinin 20 faizi işğal altında saxlanılan, bu səbəbdən əhalisinin bir milyondan çoxu qaçqın və məcburi köçkün halında olan Azərbaycan heç bir halda bu ədalətsizliklə barışa bilməz. “BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı tanınır. Ermənistan silahlı qüvvələri beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan ərazisini dərhal tərk etməli, qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlılar yurd-yuvalarına dönməlidirlər. Əks halda, bütün xoşagəlməz hadisələrin məsuliyyətini işğalçı tərəf daşıyacaq”, – deyə Ş.Ayrım əlavə edib.