Prezident İlham Əliyevin təşəbbüsünə bu cür reaksiya dünya dövlətlərinin Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir

0
620

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müsahibəsində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünün beynəlxalq miqyasda dəstəklənməsindən danışıb, belə bir reaksiyanı dünyada Azərbaycana və onun liderinə olan ehtiramın əyani təsdiqi kimi xarakterizə edib.
-Qənirə xanım, dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
-Bu, çox mühüm hadisədir. İlk növbədə, bu münasibətlə xalqımızı təbrik edirəm. İkinci növbədə, sualı cavablandırmaq üçün 1 ay bundan əvvələ – may ayına qayıdaq və hadisələrin inkişafını oradan incələyək. Mayın 4-də Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə 120 üzvü olan Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19-a həsr edilmiş virtual Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, ÜST-nin Baş direktoru, Avropa İttifaqı və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etdilər. Bu tədbirdən əvvəl, yəni, aprelin 10-da yenə də Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə başqa bir beynəlxalq qurumun – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının virtual Zirvə görüşü keçirilmişdi. Bununla da Türk Şurası dünya miqyasında, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Sırada virtual Zirvə görüşünü keçirməli olan bir beynəlxalq qurum qalırdı, o da məntiqlə düşünəndə, BMT olmalı idi. Yeri gəlmişkən, bununla bağlı məhz Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Zirvə görüşündə məsələ qaldırmışdı. Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Beləliklə, Prezidentin təklifi Nyu-Yorkda – Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırılmış, bunun ardınca Hərəkatın sədri – Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur qaydaları”na müvafiq bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində – yəni, 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Mövcud qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verib. Bəli, bu da bizə onu deməyə əsas verir ki, Qoşulmama Hərəkatının sədri statusunu daşıyan Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, cənab Prezidentə olan böyük etimadın, ehtiramın növbəti göstəricisidir.
– Prezident İlham Əliyevin təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olub…
-Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin Ermənistan olacağı həm gözlənilən, həm də açığını desək, gözlənilməz idi. Gözlənilən idi, ona görə ki, Azərbaycanın artan nüfuzu, sözünün eşidilməsi işğalçı ölkə olan Ermənistanı rahatsız edir, bu, gün kimi aydındır. Gözlənilməz idi, ona görə ki, bütün dünya COVID-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş olardı və necə ki, etdi. Bütün dünya Azərbaycan Prezidentinin bu önəmli təşəbbüsünün əleyhinə olan Ermənistanın əsl irticaçı siyasətinin bir daha şahidi oldu. Bu da demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan hökumətinin diplomatik səbatsızlığının, manevr imkanlarının tükəndiyinin əlamətidir.
Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir. Həmin ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər fərqli gücə, fərqli imkanlara malik və fərqli coğrafiyada yerləşən dövlətlər var. Bu məsələ ilə bağlı ayrı-ayrı dövlətlər tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda Azərbaycan Prezidentinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
-Pandemiya ilə mübarizədə bu qədər işlər görüldüyü halda problemlər hələ də qalmaqdadırsa, deməli hələ görüləcək çox iş var.
-Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq təhlükələr yaradıb. Şərti olaraq “III Dünya müharibəsi” adlandırılan COVID-19 pandemiyası ilə mübarizədə özünütəcrid və fraqmental xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Çox təəssüflər ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT-nin, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu, demək olar, görünmürdü. Dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə köklənmişdi. Keçən dövr ərzində böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, faktiki olaraq, baş vermədi. Daha çox özünütəcrid və ya milli eqoizm xarakteri daşıyan fraqmental addımlar atıldı. Doğrudur, BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülmüşdü, lakin onların da çoxu uğurla nəticələnmədi və necə deyərlər, deklarativ mətnlərlə yekunlaşdı. Bütün bunların fonunda ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil ediləcək və müsbət təsirləri olacaq. Düşünürəm ki, BMT-nin xüsusi sessiyası pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit mühit yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.
COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili bir araya gəlməsinə, vəziyyətdən çıxış və həll yollarının tapılmasına böyük ehtiyac, ciddi tələbat var.