Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səslənib.
Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.