Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib

0
371

Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib.
Təbrikdə 1949-cu il noyabrın 7-də Bakıda, Neft Daşlarında ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanmasının neft sənayesinin inkişafında mühüm hadisə olduğu bildirilir. Qeyd edilir ki, məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu, eyni zamanda, Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir Neft Daşları yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır.
Təbrikdə deyilir ki, ölkəmizin neft sənayesi tarixində müstəsna əhəmiyyətə malik Neft Daşlarında qazanılan təcrübə Xəzərin daha dərin sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə əlverişli zəmin yaradıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi altında 1970-ci illərdə neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən işlər qısa müddətdə yeni yataqların kəşfi və istismarına yol açıb. Ulu Öndər Neft Daşlarını respublikamızın alim və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü kimi qiymətləndirib, müstəqil dövlətimizin uğurlu neft strategiyasının təməllərinin məhz Neft Daşlarında qoyulduğunu xüsusi vurğulayıb. Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu gün də regional və qlobal miqyaslı enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir.
Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat “şəhəri”nə çevrilən Neft Daşlarının indi öz inkişafının yeni mərhələsini yaşadığını vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirir ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.