Prezident İlham Əliyev: Bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır

0
317

Bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.

bunu Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.

Dövlət başçısı bildirib: “Aprelin 14-də birinci rübün yekunlarını müzakirə edərkən mən bir çox tapşırıqlar verdim. Təbii ki, bu tapşırıqların hamısı yerinə yetirilməlidir və siz tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mənə müntəzəm olaraq məlumat verməlisiniz. Bu gün əlavə tapşırıqlar veriləcək, çünki pandemiya davam edir. Baxmayaraq ki, Azərbaycanda vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə görməliyik. Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.

Hər kəs bilməlidir ki, bu böyük bəla bütün dünyanı böyük sınaq qarşısında qoyubdur. Bu günə qədər dünyada 140 mindən çox insan həyatını itirib və bu xəstəlik sərhədlər tanımır. Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda daxili yoluxma prosesi gedir. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son üç-dörd günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır. Bildirməliyəm ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni, daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur.

Bunun başlıca səbəbi görülmüş tədbirlərdir. Mən bunu bir daha demək istəyirəm, əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı. Biz indi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün həmişə nümunə olub. Amma demək olar ki, böyük imkanlara malik ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir, xəstəlik o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz, o cümlədən Azərbaycanın. Ona görə bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq idi, yoluxma zəncirini qırmaq idi. Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir. Çünki bir daha demək istəyirəm ki, son üç-dörd gün ərzində müsbət dinamika var. Ancaq biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq, görək ki, bu dinamika nə qədər çəkəcək, bu, davamlıdır, yoxsa yox və hansı əlavə tədbirlər görülməlidir. Çünki dünya böyük çağırışla üzləşib və biz görürük ki, bir çox hallarda ölkələr bu bəla ilə təkbaşına mübarizə aparır”.