Prezident İlham Əliyev: Bəyanatın müddəaları uğurla həyata keçirilir

0
296

Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir.

Bunu Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib:

“Bu gün biz Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik. Bizim fikrimizcə, Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir.

Mən keçən dəfə Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqeyimiz barədə sizə danışmışdım. Siz ölkəmizə avqustun axırında gəlmişdiniz. O vaxt həm iyul ayında, həm də avqust ayında Azərbaycana qarşı hərbi təxribat, silahlı təxribat üçün iki dəfə cəhd göstərilmişdi. Onlardan birincisi iyul ayında, sərhədin Tovuz rayonu hissəsində, digəri avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat qrupu təmas xəttindən ölkəmizə soxulmağa cəhd göstərmiş və həmin qrupun rəhbəri saxlanılmışdı. Onun ifadələri məhz silahlı təxribat təşkil etmək niyyətində olduqlarını sübut edirdi. Bu siyasət davam etdi və onunla bitdi ki, sentyabrın axırlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə bizim yaşayış məntəqələrinə hücum etdilər və biz onlara layiqli cavab verməli olduq. Sonra nələr baş verdiyini biz hamımız yaxşı bilirik”.