Prezident İlham Əliyev: Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz ən mütərəqqi və ən insansevər təcrübədir

0
427

Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz ən mütərəqqi və ən insansevər təcrübədir.

Bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışından sonra tibb işçiləri ilə görüşü zamanı çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib:

“Bu gün biz modul tipli yeni xəstəxananın açılışını qeyd edirik. Bu, çox əlamətdar hadisədir. Hər bir xəstəxananın açılışı əlamətdar hadisədir. Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikilib və ya əsaslı təmir edildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük işlər görülübdür. Biz hesab edirdik ki, artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası əlbəttə ki, öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Əlbəttə, xəstəxana tikintisi çox vaxt aparır, həm layihələndirmə işləri, onun texniki tərəfi, yerin seçilməsi. Əlbəttə, hesab edirəm, biz yeni texnologiyalara üstünlük verərək düzgün seçim etdik ki, modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisini təmin edək. Mən bir müddət bundan öncə ictimaiyyətə bu haqda məlumat vermişdim və bu gün bu xəstəxananın açılışını qeyd edirik. Cəmi bir ay ərzində 200 çarpayılıq xəstəxana istifadəyə verilir.

Əlbəttə ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır.

Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan ümumiyyətlə xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür.

Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq”.