Prezident hökumətə tapşırıq verib: 3 milyon insan faydalanacaq

0
52

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin artırılması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, sözügedən artımlar 3 milyon vətəndaşı əhatə edəcək.

Bəs bu artımlar əhalinin sosial rifahına necə təsir göstərəcək?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, əhalinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin təmin olunması Prezidentin daxili siyasətində əsas prioritet istiqamətlərdən biridir.

Onun sözlərinə görə, 2018-ci ildən etibarən əhalinin sosial rifah halının yüksəldilməsi məqsədilə ardıcıl sosial layihələr həyata keçirilir:

“Bu dövr ərzində artıq 4 sosial islahat paketi icra olunub və 7 milyard manatdan çox vəsait məhz aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib. Ötən il, dekabrın 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla 5-ci sosial islahatlar paketinin icrasına başlanılıb. Həmin sərəncama əsasən, minimum əməkhaqqı artırılıb, minimum pensiya məbləği yüksəldilib, dövlət büdcəsi ilə maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılıb, minimum əməkhaqqının artırılması özəl sektorda da əməkhaqqı səviyyəsinin yüksəlməsinə təsir edib.

Sərəncamın bir bəndində isə hökumətə müavinət və təqaüdlərin müəyyən növlərinin artırılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Bu tapşırıq əsasında hazırlanmış yeni fərmanla ehtiyacı olan əhali qruplarının – müharibə qəhrəmanlarının, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, 5 və daha çox uşağı olan ailələrin uşaqları üçün verilən müavinətlərin, eləcə də mədəniyyət və incəsənət xadimlərinin və alimlərin təqaüdlərinin artırılması həyata keçirilib”.

Komitə sədri qeyd etdi ki, bu islahatlar nəticəsində 3 milyondan çox vətəndaşın sosial rifahı yaxşılaşıb və bu proses davam edəcək:

“Prezidentin də qeyd etdiyi kimi, bizim sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Həyata keçirilən sosial artımlar ölkədə nəzərdə tutulan inflyasiya səviyyəsini üstələyir. Bu isə o deməkdir ki, əhalinin real gəlirləri artır və sosial rifah daha da yaxşılaşır.

Azərbaycanda sosial müdafiə tədbirləri həm passiv, həm də aktiv istiqamətdə aparılır. Passiv sosial müdafiə ehtiyacı olan təbəqələrə dövlət tərəfindən təminatlar verilir. Aktiv sosial müdafiə isə iş yerlərinin yaradılması, əməkhaqlarının artırılması, peşə biliklərinin və bacarıqlarının yüksəldilməsi, vətəndaşların yeni peşələrə yönləndirilməsi kimi tədbirləri əhatə edir.

Bu istiqamətdə hər il dövlət büdcəsindən vəsait ayrılır və artıq 2026-cı ilin büdcəsində də bu məsələlər xüsusi diqqətdə saxlanılır”.