Döyüş əməliyyatları başa çatdıqdan sonra, noyabrın 20-si tarixlərində Ermənistanın Şirak bölgəsinin Gümrü şəhərindən və ona bitişik rayonlardan 60 nəfərdən çox insanın olduğu dəstə naməlum formada Laçın dəhlizindən keçməklə Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə daxil olub”.
Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Döyüş əməliyyatları başa çatdıqdan sonra biz aşkarladıq ki, arxa cəbhənin dərinliklərində erməni silahlıları var. Biz əvvəlcə məlumat əldə etdik ki, onlar mühasirədən çıxa bilməyiblər və azıblar. Bir müddət Azərbaycan hərbçiləri Rusiya sülhməramlıları ilə birlikdə onların azdıqlarını düşünərək, bu insanlara kömək etməyə və geri qaytarmağa çalışıblar. Ancaq müəyyən olundu ki, bu, belə deyil, onlar hərbçilərimizə və dinc sakinlərimizə hücum edən diversant qruplarıdır. Bu diversiya və terror aktları nəticəsində bizim dörd hərbçimiz və bir mülki şəxs həlak oldu. Həmin mülki şəxs mobil operatorlardan birinin nümayəndəsi olub və Şuşaya gedən zaman mühasirəyə düşüb. Həmçinin bir neçə yaralımız var. Əlbəttə biz antiterror əməliyyatı keçirdik. Nəticədə bir neçə terrorçu zərərsizləşdirildi, 60-dan çoxu isə ələ keçirildi. Bu gün onları hərbi əsir kimi adlandırmağa çalışanda məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Biz bütün hərbi əsirləri qaytarmışıq. Müharibədən sonra tutulan bu insanlar hərbi əsir kateqoriyasına aid deyil. Bunlar diversant və terrorçudurlar. Ermənistandan və digər ölkələrdən istənilən təxribat yersizdir.
Biz bu gün azad edilmiş ərazilərin təhlükəsizliyini kifayət qədər təmin edirik. Daimi reydlər, monitorinqlər keçiririk, buna görə vəziyyət tam nəzarət altındadır”, – deyə Prezident bildirib.