Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətnini təqdim edirik:
1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən olunsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. barələrində nizamnamə kapitalındakı dövlət payının idarə edilməsi funksiyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;