“8 Noyabr Zəfər bayramı, Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Silahlı Qüvvələrimiz, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində Ermənistan ordusunu dizi üstə çökdürdü. ”İntellektual, məğlubedilməz ordu” mifini dağıtdı və dünya erməniliyinə sağalmaz yara vurdu”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, 44 günlük savaşda qələbəni şərtləndirən əsas amillər, hər şeydən əvvəl milli birlik, güclü lider, stabil dövlət, inkişaf etmiş iqtisadiyyat, hakimiyyətin, xalqın və ordunun vəhdəti idi:
”Ən mürəkkəb döyüş əməliyyatlarını keçirmək qabiliyyətində olan, müasir silahlarla və döyüş texnikası ilə təchiz olunmuş Silahlı Qüvvələrə malik olmaq da bunların sırasında idi. Cəmiyyətin bütün təbəqələri, ələlxüsus da gənclər arasında hərbi-vətənpərvərlik ruhunun tərbiyə olunmasını da buraya aid etməliyik. Digər önəmli məqam isə çevik diplomatiyadır. Müharibələr təkcə döyüş meydanlarında aparılmır. Qələbə qazanmaq üçün, döyüş əməliyyatları ilə paralel olaraq, informasiya müharibəsi də düzgün təşkil olunmalıdır. Apardığın müharibənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu, haqqa, ədalətə söykəndiyini sübut etməlisən. Əks halda, beynəlxalq birliyin sanksiyaları ilə üzləşə bilərsən”.
Nəsib Məhəməliyevin fikrincə, 44 günlük müharibə göstərdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyev, döyüş meydanlarında olduğu kimi, informasiya savaşında da ön sırada idi:
”Prezidentin dünyanın müxtəlif mətbuat orqanlarına verdiyi 30-dan çox müsahibə, bir çox dövlət başçıları ilə apardığı telefon danışıqlarının hər biri tarixi hadisəyə çevrildi. Daha əvvəl, Münhen Təhlükəsizlik konfransında yüzillik saxta erməni təbliğatını alt-üst etdi. Bəzi hallarda, əvvəlcədən öyrədilmiş, qərəzli KİV nümayəndələrinin suallarını yüksək peşəkarlıq və dəqiqliklə cavablandırması, hətta bədxahlarda belə ona qarşı rəğbət yaradırdı. Müharibədən iki il ötməsinə baxmayaraq, hələ də diplomatik masada, informasiya müstəvisində savaş davam edir. Yenə də savaşın önündə, milli, dövlət maraqlarımızı müdafiə edən, cənab Prezidentdir. Xalq öz liderinə inanır və 44 günlük müharibədə olduğu kimi, tam dəstək verir”.