Postmüharibə dövründə sosial dəstək işləri: 45 min şəxsə 50 min xidmət

0
292

Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri icra edilir.

Nazirlikdən bildirilib ki, bu istiqamətdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7 942 şəxsə 15 841 sosial ödəniş (Prezidentin təqaüdü, sosial müavinət, pensiya) təyin olunub, həmçinin 2 515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb.

Şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə beş dəfə genişlənib. 2021-ci il üzrə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil, müharibə əlillərinə 164 avtomobil verilib. Ümumilikdə ötən dövrdə nazirlik tərəfindən 12 300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7 400 müharibə əlili avtomobillə təmin olunub.

Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərərçəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub. 2021-ci ilin iyun ayında başlanan “Məşğulluq marafonu”na 607 işəgötürən qoşularaq 3 971 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 1 500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin olunub. 

5 min nəfərlə psixokorreksiya işləri aparılıb, reabilitasiya müəssisələrində 1 300 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil 193 ədəd protezlə, əksəriyyəti müharibə əlilləri olan 955 nəfər mühərrikli təkərli oturacaqla, 1 197 nəfər 12 948 reabilitasiya vasitəsi ilə təmin edilib.

Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.

Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri bu günədək şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərərçəkənlərdən ibarət 45 min şəxsi əhatə edib, onlara 50 min xidmət göstərilib.