Polşa XİN Makronun cavabını verdi: “Onun bəyanatları ölümcül strateji səhvdir”

0
160

Fransa prezidenti Emanuel Makronun rəsmi Moskvaya təhlükəsizlik zəmanəti verməsi ilə bağlı dedikləri ölümcül strateji səhvdir. Çünki Rusiya Federasiyası NATO və ya Ukraynanın hücumu ilə təhdid edilmir.

Bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski açıqlamasında bildirib.

“Fransa prezidenti Emmanuel Makronun Rusiyaya təhlükəsizlik təminatının verilməsi zərurəti ilə bağlı bəyanatları ölümcül strateji səhv kimi qiymətləndirilir. Rusiya kənardan hücumla təhdid edilmir, ona əlavə təminat lazım deyil, çünki heç bir şey onu təhdid etmir”, – Yablonski bəyan edib.

O, həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə hər hansı danışıqların mənası yoxdur.

“ABŞ prezidenti Co Bayden tamamilə haqlıdır ki, Rusiya ilə söhbətin məntiqli olması üçün o, dürüst və etibarlı olmalıdır. Hazırda Rusiya etibarlı tərəf deyil, onun məqsədi müharibəni bitirmək və sülh yaratmaq deyil”, – polşalı diplomat qeyd edib.

Xatırladaq ki, bu gün Fransa lideri Emmanuel Makron növbəti dəfə müharibə başa çatdıqdan sonra Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsinin zəruriliyindən danışıb.

Bundan əlavə, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri hesab edirlər ki, Makronun bu cür ritorikası Rusiyanın informasiya əməliyyatının tərkib hissəsidir.