Bakı şəhəri, 161 nömrəli tam orta məktəbdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Mehman Qənbərovun 44-cü doğum günü münasibətilə anım tədbiri və “Füzuli Fatehi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri həyat yoldaşı Xuraman Qənbərova və övladları ilə yanaşı, onun silah və döyüş yoldaşları, hərbi xidmət keçdiyi illərdə çiyin-çiyinə mübarizə aparmış zabit və gizirlər də iştirak ediblər. Onlar qəhrəman dostlarının əziz xatirəsini bir daha ehtiramla yad ediblər.
Qonaqlar sırasında həmçinin tanınmış ictimai-siyasi xadimlər – Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir İsmiyev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova, Beynəlxalq Mətbuat İnstitutunun rəhbəri Umud Rəhimoğlu, Təxris olunmuş Hərbiçilər, Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert, Emin Həsənli, Azad Vətən Partiyasının sədri Akif Nağı, Vətən müharibəsi qəhrəmanı, polkovnik Nizami Mövlanov, Bakı şəhəri Gənclər və İdman idarəsi sektor müdürü Gündüz Vəliyev və şair Allahverdi Qiyaslı da yer alıblar.
Tədbir məktəbin şagirdlərinin musiqi ilə müşayiət olunan salamlaması ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib və ümummilli lider Heydər Əliyevin, eləcə də bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Rəna Hüseynova tədbiri açaraq qonaqları salamlayıb və şəhidlərin xalqın yaddaşında daim yaşayacağını vurğulayıb:
“Şəhidlərimizi heç zaman unutmamalıyıq. Onların göstərdiyi qəhrəmanlıq bizim üçün tükənməz ruh gücüdür. Biz hər zaman şəhid ailələrinin və övladlarının yanındayıq”.
Tədbir çərçivəsində 161 nömrəli məktəbin müəlliməsi Samirə Abdullayevanın təşkilatçılığı ilə məktəbin şagirdləri Vətənə və şəhidlərə həsr olunmuş şeirlərlə çıxış ediblər.
Xüsusilə Samirə Abdullayevanın müəllifi olduğu şah əsəri “Mehmanla son görüş”, “Mehmansız doğum günü” adlı bədii kompozisiyalar zamanı zalda duyğulu anlar yaşanıb.
7-ci sinif şagirdlərinin təqdimatında səsləndirilən “Azərbaycan” adlı musiqili şeir ilə çıxış ediblər. Sonra isə şəhidin övladları “Mənim atam qəhrəmandır” adlı kompozisiya ilə çıxış ediblər.
Daha sonra şəhidin həyat və döyüş yoluna həsr olunmuş “Füzuli Fatehi” sənədli filmi nümayiş etdirilib. Filmdə Mehman Qənbərovun ailə üzvləri, döyüş yoldaşları və yaxın dostları onun həyatından, mübarizəsindən və şəxsiyyətindən danışaraq, şəhidimizin necə fədakar, cəsur və vətənsevər bir insan olduğunu qürurla ifadə ediblər.
Çıxış edən qonaqlar şəhidin göstərdiyi şücaətdən, vətənə sədaqətindən danışaraq, belə igidlərin nəsillərə örnək olduğunu vurğulayıblar. Filmdə şəhidimizin anası oğlunun adının hansısa məktəbə və ya küçəyə verilməsini arzuladığını ifadə edib. Bu istək tədbir iştirakçılarını dərin düşüncəyə və duyğulara qərq edib. Bundan təsirlənən məktəbin direktoru Rəna Hüseynova çıxışının sonunda bildirib:
“Xoşbəxtəm ki, bu gün rəhbərlik etdiyim məktəbdə şəhid Mehmanın və digər qəhrəmanlarımızın adları əbədiləşdirilib. Bu, onların xatirəsinə olan borcumuz və gələcək nəsillərə çatdırmalı olduğumuz ən böyük mesajdır”.
Tədbir şəhidin xatirəsinə dərin hörmət, qürur və minnətdarlıq hissi ilə başa çatıb. Sonda xatirə şəkili çəkilib.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri
Təranə Alməmmədova







