Polkovnik Eray Guçlüer: Ermənistanın hərbi-siyasi rejiminin azğınlığı cəzasızlıqdan qaynaqlanır

0
537

“Başımızı Ermənistanla münaqişəyə qatıb bizi regiondakı proseslərdən kənarda saxlamaq, perspektivdə olan iqtisadi layihələri ləngitmək istəyirlər”

Ermənistan adlanan məkandakı idarəetmə bütün mahiyyətinə görə təcavüzkar, işğalçı və terrorçu bir rejimdir. Hakimiyyətlər dəyişsə də, onun bu üzdəniraq mahiyyəti dəyişmir. Mövcud rejimin azğınlığının əsas səbəbi törətdiyi beynəlxalq cinayətlərin cəzasız qalmasıdır.
Bu fikirləri açıqlamasında sosial elmlər üzrə elmlər doktoru, terror və münaqişələr üzrə araşdırmaçı, ehtiyatda olan polkovnik Eray Guçlüer səsləndirib.
Ermənistanın tərəfinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdlərinin səbəb olduğu insan tələfatı və dağıntıların, eləcə də bölgədə yaranmış geniş masştablı hərbi münaqişə riskinin bütün məsuliyyətinin Ermənistanın üzərində düşdüyünü vurğulayan hərbçi alim deyib: “Ermənistan məhz təcavüzkar siyasətinə və əsasız iddialarına görə beynəlxalq ictimaiyyətdən təcrid olunmuş vəziyyətdədir. Azərbaycan və Türkiyənin birgə liderliyi ilə həyata keçirilən və perspektivdəki iqtisadi layihələrdən kənarda qalmaq ermənilər üçün çox ağrılıdır. Son günlər Tovuz istiqamətində baş verən hücum cəhdləri təcavüzkar ölkənin Dağlıq Qarabağdan kənarda Azərbaycana qarşı həyata keçirdiyi birinci hərbi təxribat deyil. Analoji hal davamlı olaraq Naxçıvan səmtində də baş verməkdədir. Proseslərin təhlili bir daha təsdiqləyir ki, hazırda Ermənistanın yanında olan tərəflərin əsas məqsədi bu cinayətkar rejim vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiq göstərməkdir. Onlar başımızı Ermənistanla münaqişəyə qatıb bizi regiondakı proseslərdən kənarda saxlamaq, həmçinin perspektivdə olan iqtisadi layihələri ləngitmək istəyirlər”.
Ermənistanda rejimin mövcud vəziyyəti və reallıqları düzgün dəyərləndirə bilmədiyini qeyd edən polkovnik Eray Guçlüer deyib ki, Azərbaycan müstəqil dövlət olaraq çoxistiqamətli dinamik inkişaf yolundadır. “Hazırkı vəziyyət heç bir parametri ilə 1990-cı illərdə baş verənlərlə müqayisə oluna bilməz. İqtisadi potensialına, insan resurslarına, hərbi kadrlara və güclü ordusuna görə Ermənistandan qat-qat üstün olan Azərbaycan işğalçı tərəfi hər an yerində oturmaq qüdrətindir. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir. Türkiyə dövləti və xalqı hər zamankı kimi Azərbaycanla birlikdədir”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.