Polisdən “Qalatasaray” azarkeşlərinə MÜRACİƏT

0
414

Daxili İşlər Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Neftçi” Peşəkar Futbol Klubu “Neftçi” – “Qalatasaray” oyunu ilə bağlı hər iki komandanın azarkeşlərinə müraciət edib.

Müraciətdə bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir:

“Qalatasaray” komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir. DİN, AFFA və “Neftçi” PFK koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək”.

Qeyd edək ki, UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” – “Qalatasaray” oyunu 2020-ci il sentyabrın 17-də Bakı Olimpiya Stadionunda azarkeşsiz keçiriləcək.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.