Polisdən əməliyyat: Torpağın altından görün nə tapdılar?

0
146

Balakən Rayon Polis Şöbəsi son 1 həftə ərzində üzərində odlu silah-sursat gəzdirən və narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb. Onlardan ümumilikdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini “Nəriman” adlı şəxsin idarə etdiyi avtomobildə odlu silah daşıması barədə polisə məlumat daxil olub. Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Nəriman Mağliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən külli miqdarda heroin, idarə etdiyi “VAZ-2107” markalı avtomobildən isə “Kalaşnikov” avtomatı, həmin silaha məxsus iki daraq və 53 patron aşkar edilərək götürülüb.

Rayon ərazisində narkotik vasitələrin satışını, daşınmasını təşkil edən şəxslərə qarşı şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı isə 7 nəfər tutularaq istintaqa təqdim olunublar. Keçirilən ilk tədbir zamanı Meşəşambul kənd sakini, keçmiş məhkum İsa Qurdayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və yaşadığı evin həyətindəki tövləyə baxış keçirilərkən ümumilikdə 11 kiloqrama yaxın marixuana, 6 ədəd çətənə bitkisi və kənd ərazisində ötən il becərdiyi narkotik tərkibli bitkilərin hissələri aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni becərdiyi çətənə kollarından əldə etdiyini bildirib. “Ağ ölüm”ün qarşısının alınması istiqamətində keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 6 nəfər rayon sakini- Mehman Kaltayev, Mahir Nəbiyev,Vüqar Bodurov, Azər Məmmədov, Ramiz Qıstarov və Kamil Maqamedov saxlanılıb. Onların üzərindən və Kamil Maqamedovun rayon ərazisində torpağın altında şüşə qablarda gizlətdiyi külli miqdarda marixuana, eləcə də heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir