Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.
İclası açan komitə sədri Sadiq Qurbanov tədbir iştirakçılarını torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.
O bildirib ki, sentyabrın 27-dən başlayan 44 günlük müharibə tamamilə fərqli şəkildə aparılsa da, bütün sahələrdə Prezidentimiz, Ordumuz və xalqımız zəfər çalıb. Sadiq Qurbanov Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Müzəffər ordumuzun bütün şəxsi heyətinə komitə üzvləri adından dərin təşəkkürünü bildirib. Müharibədə şəhid olan əsgər və zabitlərin, həlak olan mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra komitə sədri bugünkü iclasın gündəliyinə iki məsələnin daxil edildiyini deyib və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə (birinci oxunuş) təklif edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Sadiq Qurbanov plastik tullantıların uzun müddət parçalanmamasının, təbiətdə miqdarının ilbəil artmasının, yandırılan zaman toksiki tüstünün asmosferi zəhərləməsinin ətraf mühitə mənfi təsirləri barədə danışıb. Bildirilib ki, qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər
olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur. Qeyd edilib ki, qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.
İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilib. Sadiq Qurbanov qeyd edib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır. Təklif olunan dəyişikliklər “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15
mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.
Komitə üzvləri Asim Mollazadə, Nəsib Məhəməliyev, Fatma Yıldırım, İltizam Yusifov uzun illər işğal altında qalan və hazırda boşaldılması prosesi həyata keçirilən torpaqlarımızda erməni vandalları tərəfindən törədilən vəhşilikdən, təbiətə və ətraf mühitə vurulan zərərdən, meşə və bitki örtüyünün, heyvanat aləminin qəddarlıqla məhv edilməsindən söz açıblar, müzakirə edilən sənədlərin ətraf mühitin mühafizəsində mühüm rol oynayacağını bildiriblər.Sonda hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilməsi qərara alınıb.