“Rusiya Ukraynada hər gün 800 – 1 100 hərbçi itirir”.
Bunu açıqlamasında Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
“Hərbi əməliyyatların planlaşdırılması, bununla bağlı hazırlıq keyfiyyətcə başqa mərhələdədir. Doğrudur, təminatla bağlı bəzi problemlər var. Qeyd edim ki, ilk növbədə 120 mm, 80 mm-lik mərmilər, sursatlar çatışmazlığı mövcuddur. Odur ki, əvvəlcə təminatla bağlı problemi həll etmək lazımdır”, – o deyib.
Podolyakın sözlərinə görə, Ukrayna ordusu bölmələrinin döyüş qabiliyyəti 6 ayla, 1 illə müqayisədə keyfiyyətcə çox fərqlidir: “Bizdən dəfələrlə çox olan qüvvənin qarşısını effektiv şəkildə alırıq. Məsələn, Luqansk, Uqledar, Liman, Baxmut və digər istiqamətlərdə sayca çox olan Rusiya hərbi qüvvələrinin. Həmin ərazilərdə effektiv, manevrli müdafiə xəttimiz var”.
“Resurs və vasitələrimizin az olmasına baxmayaraq, Ukrayna ordusu son 5-6 ayda çox güclənib. Rusiya ordusunun məhv edilən canlı qüvvəsinin, hərbi texnikasının sayı dəfələrlə artıb. Məsələn, müharibənin bu mərhələsinə qədər Rusiya hər gün 200-300 hərbçi itirirdisə, hazırda bu rəqəm orta hesabla 800 – 1100 hərbçidir. Bu, Ukrayna ordusunun döyüş qabiliyyətinin keyfiyyətinin göstəricisidir”, – Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri əlavə edib.