Virciniya Universiteti Tibb Fakültəsinin alimləri müəyyən ediblər ki, piylənmə siçanlarda damar endotelində hüceyrələrin çoxalmasını və məhvini tənzimləyən konneksin 43 proteininin funksiyasına mənfi təsir göstərir.
Araşdırmanın nəticələri “Function” jurnalında dərc olunub.
Çoxsaylı araşdırmalar göstərib ki, piylənmə ürək-damar sağlamlığına dağıdıcı təsir göstərir. Böyük artıq çəki bədəndə dolaşan qan həcmini artırır, hipertoniyaya səbəb olur, həmçinin aterosklerozun inkişaf riskini artırır və damar tonunu azaldır. Yeni elmi işin bir hissəsi olaraq alimlər bu cür təhlükəli təsirlərin spesifik mexanizmlərinin müəyyənləşdirilməsinə diqqət yetiriblər.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, artıq yağın uzunmüddətli istehlakı konneksin 43 adlanan spesifik boşluq qovşağı zülalının fosforlaşmasını artırır. Modifikasiya növü olan fosforlaşma zülalların struktur uyğunluğuna təsir edərək onun aktivləşməsinə, deaktivləşməsinə və ya başqa şəkildə dəyişməsinə səbəb olur.
Connexin 43 hüceyrələrarası əlaqədə mühüm rol oynayır və hüceyrə proliferasiyasını (bölünməsini) və məhvini tənzimləyir. Alimlər aydınlaşdırıblar ki, fosforlaşmanın artması və endotelin (qan və limfa damarlarının daxili səthini əhatə edən bir qatlı yastı hüceyrələr təbəqəsi) adipositlərlə (piy toxuması hüceyrələri) əlaqəsinin pisləşməsi dislipidemiyaya səbəb ola bilər.
Məhz dislipidemiya, qanda lipidlərin (yağların) normal nisbətinin pozulmasıdır ki, uzun müddət davam edərsə, ateroskleroz və ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.