“Mağaza rəflərindəki yoqurtların hamısı həm böyüklərin, həm də uşaqların qida rasionuna daxil olsa da, o qədər də sağlam və qidalı deyil”.
Bunu dietoloq Larisa Qabdulxakova Gazeta.Ru-ya əlavələri olan bu cür məhsulların təhlükələri və düzgün yoqurtun necə seçiləcəyi barədə danışarkən deyib.
“Yoqurt – laktik turşu bakteriyalarının fermentasiyasının probiotik məhsuludur, buna görə də bu qədər sağlam və qidalıdır. Bundan əlavə, bu süd məhsulu, əksər hallarda, “canlı” süddən fərqli olaraq, laktoza və ya süd şəkərinə qarşı dözümsüz insanlar tərəfindən asanlıqla həzm olunur. Tərkibindəki bifidobakteriyalar və laktobakteriyalar mədə-bağırsaq traktımız üçün çox faydalıdır. Yoqurtun tərkibində olan zülal, kalsium və digər vitamin və minerallar da zərərli bakteriya və viruslarla mübarizədə immunitetimizi gücləndirir”, – deyə həkim izah edib.
O qed edib ki, süd məhsullarının istehlakına dair davamlı tendensiya yerli istehsalın artması ilə təsdiqlənir.
Qabdulxakova xəbərdarlıq edib ki, bütün yoqurtlar eyni dərəcədə sağlam deyil:
“Bu gün mağaza rəfləri rəngarəng yoqurtlarla və ən çox da müxtəlif əlavələrlə (giləmeyvə, şəkərli meyvələr, mürəbbə, peçenye, dənli bitkilər, şokolad və s.) və uzun saxlama müddəti ilə doludur. Həqiqətən dadlı və çox gözəldir, amma əslində belə yoqurtların heç bir faydası yoxdur”.
Həkim əlavə edib ki, belə yoqurtların uzun müddət saxlanması bağırsaq florası üçün zərərlidir. Bu, belə yoqurtların faydasızlığından xəbər verir.
“Yoqurt doldurucularının tərkibində olan boyaları ayrıca qeyd etmək yerinə düşər. Çuğundur suyu və ya zerdeçal kimi təbii əlavələr haqqında danışarkən bir şeyi qeyd edim. Vicdansız istehsalçılar tez-tez allergiyaya səbəb ola biləcək ucuz kimyəvi boyalar əlavə edirlər. Təəssüf ki, hamı bu təhlükənin fərqində deyil və hətta uşaqlar üçün də böyük üçün olan yoqurt alırlar. Təsəvvür edin ki, siz uşağınıza içlik (peçenye və ya şokolad), şəkər, boya və konservantlarla zəngin yoqurt alırsınız. Ən yaxşı halda yoqurt heç bir fayda gətirməyəcək, ən pis halda isə allergiya başlayacaq. Üstəlik, o, dərhal deyil, altı ay və ya bir ildən sonra və dermatitdən qida allergiyasına qədər müxtəlif formalarda görünə bilər”, – Qabdulxakova izah edib.
Həkim bu gün sağlam və qidalı yoqurtu necə seçmək lazım olduğunu da söyləyib:
“Yoqurt seçərkən ilk tövsiyə etdiyimiz şey tərkibinə fikir verməkdir. Tərkibində sadəcə fermentləşdirilmiş süd, yəni əlavələr olmadan süd məhsulu olmalıdır. Bundan əlavə, qatığın sağlam olması üçün yağlılığı 4-5% olan, saxlama müddəti qısa olan məhsul seçilməlidir ki, bu da onun təbiiliyindən xəbər verəcək”.
Əlavələri olan yoqurtları sevənlər üçün diyetoloq sağlam alternativləri sınamağı təklif edib. Adi yoqurta, məsələn, qoz-fındıq, meyvə, giləmeyvə, quru ərik, toxum, hindistan cevizi lopaları əlavə edə bilərsiniz. İstəyirsinizsə, evdə yoqurt hazırlaya bilərsiniz.
“Hazır maya alırsan. Bir litr süd ilıq olana qədər qızdırılır, ona maya əlavə edilir və bir gecədə isti yerdə buraxılır. Səhər təbii süd məhsulu hazır olacaq. Süd nə qədər yağlı olarsa, yoqurt da bir o qədər sağlam olar”, – deyə Qabdulxakova yekunlaşdırıb.