2019-cu il iyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından bir il ötdü.
Son bir ilin pilotun ailəsi üçün necə keçdiyi, eyni zamanda, hər zaman müzakirə mövzusu olan milli qəhrəman adının ona verilməməsi ilə bağlı R.Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb.
Q.Hüseynli kürəkəninin yoxluğunun onlarda böyük boşluq yaratdığını söylədi:
“Bu bir ildə dəyişən şeylər çoxdur. Bunu mən nə müsbət, nə də mənfi çalarda təqdim etmək istəməzdim. Baxmayaraq ki, mənfi çalarlar üstünlük təşkil edir. Açığı deyim ki, bir adamın itkisinin bu qədər boşluq yaradacağını heç zaman təsəvvür etməzdim. Yaxınlarım, qardaşlarım, bacım rəhmətə gedib. O zaman insan itkisinin bu qədər boşluq yarada biləcəyini təxmin etmirdim. Rəşadın həlak olmasından sonra ilk növbədə onun ailəsində depressiv bir mühit yarandı. Bu mühiti öncəliklə onun xanımı çəkirdi. Qızım bu günə qədər o depressiyadan hələ çıxa bilməyib. Rəşadın böyük oğlu çox anlaqlı bir adamdır. Bu gün də atası haqqında danışarkən gözlərinin yaşlarını saxlaya bilmir. Kiçik oğlu isə elə bilir ki, atası Suriyaya göndərilib, onunla telefon vasitəsilə danışmaq mümkün deyil. Kiçik oğlunda hələ bu inam var ki, atası nə vaxtsa qayıdacaq. Kim necə başa düşürsə düşsün, bu ailə ayaqüstə dayansa da, mənəvi itkiləri həddindən artıq çoxdur. Onun ailəsinin və uşaqlarının nələr çəkdiyini müəyyən qədər görə, duya bilərik. Amma bunu tam duymaq mümkün deyil. Baş verənlər gördüklərimizdən və duyduqlarımızdan qat-qat çoxdur. Mənim də, həyat yoldaşımın da üzərinə böyük çətinliklər düşdü. Məsələn, Rəşadın həlak olduğu gündən həyat yoldaşım qızımgildə qalır. Mənim özüm də bir növ tək qalmışam. Amma onu deyə bilərəm ki, həyat yoldaşımın onlarla qalması ailənin toparlanmasında, ailədəki mənəvi, psixoloji gərginliyin aradan qaldırılmasında böyük rol oynadı. Ailənin yükünün böyük hissəsini həyat yoldaşım, bir hissəsini isə mən çəkməkdə davam edirik. Bu da güman edirəm ki, həmin ailənin həm stressdən çıxmasına, həm də köhnə həyat tərzinə tam olmasa da, bir qədər qayıtmasına kömək edir. Rəşad çox böyük insan idi. Şəxsiyyət kimi də çox kamil idi. Onların yaşadığı həyata baxıram. Çalışdığı kollektivdə, yaşadığı həyatda elə bir iz qoyub gedib ki, onun itkisini müəllimləri daxil hər kəs ya qəbul edə bilmir, ya da böyük çətinliklə, ağrı ilə qəbul etməyə məcbur olur. Bu bir insan üçün böyük göstərici olsa da, onun həyatda yoxluğunun həqiqətən də böyük boşluq yaratdığını etiraf etmək məcburiyyətindəyik”.
Sabiq dövlət müşaviri dövlətin Atakişiyevin ailəsinə olan qayğısından da söz açdı: “Burada dövlətin göstərdiyi xüsusi qayğını vurğulamamaq mümkün deyil. Əgər dövlətimiz Rəşadın ailəsinin, uşaqlarının yanında olmasaydı, bu yükü çox çətin daşımaq olardı. Rəşadın həlak olmasından sonra hökumətin qayğısı, xüsusilə, Mehriban xanım Əliyevanın göstərdiyi xüsusi qayğı bizlərə böyük kömək oldu. Demək olar ki, ailəni dövlətimizin qayğısı bir növ xilas etdi. Burada Hərbi Hava Qüvvələrinin komandanlığının da, onun xidmət göstərdiyi hərbi hissənin kollektivinin də, pilot yoldaşlarının da diqqətini xüsusi qeyd etmək istəyirəm. Çox mehriban bir kollektivdir. Bir-birilərinin qədrini bilirlər. Bu mənada həqiqətən də ordumuzun bu bölməsi ilə fəxr etmək olar”.
Sabiq dövlət müşaviri kürəkəninin il mərasimini keçirə bilmədiklərini dedi: “Koronavirus səbəbindən onun il mərasimini rəsmi şəkildə keçirə bilmədik. Karantin şərtləri buna imkan vermədi. Yenə də onun pilot yoldaşları Rəşadın qəbrini ziyarət etdilər. Ailəsi ilə birlikdə biz də onun məzarını ziyarət etdik. Rayondan ata-anası, qardaşları da gəlmişdilər. Rəşadın bir illiyini belə sadə formada yola verdik”.
Müsahibimiz R.Atakişiyevə milli qəhrəman adının verilməməsinə də toxundu: “Rəşadın milli qəhrəman adına layiq görülməyə layiq olduğu qənaətindəyəm. Bunlar döyüş şəraitinə yaxınlaşdırılmış və gecə təlimlərində iştirak edirdilər. Həmin təlimlərdə də Rəşad həlak olmuşdu. Yəni döyüş şəraitinə uyğun olan yerdə həyatını itirib. Bu səbəbdən mənə elə gəlir ki, qanunvericilik yolu ilə ona nəsə bir dövlət mükafatı verilə bilər.
Təvazökarlıqdan uzaq olsa da deyim ki, Rəşadı milli qəhrəman hesab edirəm. Hələlik, bizə Hərbi Hava Qüvvələri komandanlığı adından deyilir ki, həmin şərait Hərbi Prokurorluq orqanları tərəfindən həm pilotun həlak olması, təlim və digər məsələlər hüquqi nöqteyi-nəzərdən tədqiq edilir. Tədqiqat hələ başa çatmayıb, bir çox məsələlər dəqiqləşdirilib. Ondan sonra Rəşada ən azından şəhid rütbəsinin verilməsi kimi məsələ gündəmə gələ bilər. Milli qəhrəman adının bu gün ona verilə biləcəyini təxmin etmirəm. Amma zənnimcə Rəşadın həlak olma şəraiti və həmin şəraitdə onun göstərdiyi qəhrəmanlıq, özünün canının qayğısına qalmaması ona bu adın verilməsini təmin edə bilər. Hər halda prokurorluğun tədqiqatları başa çatdıqdan sonra güman edirəm ki, Rəşadı heç olmasa şəhid rütbəsi ilə mükafatlandıracaqlar. Bu da onun ailəsi, ata-anası adından böyük təsəlli olardı”.
Xatırladaq ki, 2019-cu ilin iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.
Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis, eləcə də avadanlıqlar cəlb olunub. Ötən il avqustun 19-da təyyarənin qara qutusu, bir gün sonra isə pilotun nəşi tapılıb. Ayın 21-də Atakişiyevin nəşi 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.
R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının “Şücaətə görə” medalı 2019-cu ilin dekabrın 28-də polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.
Qeyd edək ki, Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib və Polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlib.
Mərhum Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.
Onun iki oğul övladı yadigar qalıb.