Peter Siyarto: “Budapeşt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

0
291

Macarıstanın populyar ingilisdilli nəşri macar diplomatiyasının başçısı Peter Siyartonun Azərbaycana səfərinin yekunları barədə material yayıb.

Materialda Qarabağ regionunda aparılan bərpa işlərində macar şirkətlərinin iştirakını dəstəkləyən Macarıstan hökumətinin mövqeyindən söhbət açılır. Nazir Peter Siyarto bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan dərhal sonra bəyan edib. Siyarto bildirib ki, Bakıda onun danışıqları sazişə hazırlıq çərçivəsində keçirilib. Bu sazişə müvafiq olaraq, Macarıstan Azərbaycandan təbii qaz almaq niyyətindədir. Macarıstan hökumətinin mövqeyini ifadə edən Siyarto bildirib ki, Budapeşt Azərbaycanın suverenliyini və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir.

“Biz daim bu mövqedən çıxış etmişik və bəzilərindən fərqli olaraq, bu barədə həmişə açıq danışırıq”, – deyə əlavə edən Siyarto ümidvar olduğunu bildirib ki, Azərbaycanda tezliklə sülh və əmin-amanlıq dövrü başlayacaq, əvvəllər öz doğma ocaqlarını məcburən tərk edən insanların oraya qayıtmasından ötrü regionun bərpası daha tez və uğurla başa çatacaq.

Siyartonun Azərbaycana səfəri zamanı onu Macarıstanın avtomobil, dəmir yolu və ümumi inşaat, kənd təsərrüfatı və kənd təsərrüfatının infrastrukturu, su resurslarının idarə edilməsi, elektrik avadanlıqlarının quraşdırılması sahəsində iş təcrübəsinə malik olan 6 şirkətinin rəhbərləri müşayiət ediblər. Bu şirkətlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə layihələrdə nəzərəçarpan rol oynaya bilərlər.

Materialda qeyd edilir ki, Macarıstanın “Eksimbank”ı belə müəssisələrin inkişafı üçün 100 milyon dollar həcmində kredit xətti ayırmağa hazırdır.

Siyarto bəyan edib ki, may ayından Avropa İttifaqının Nazirlər Komitəsinin sədri qismində fəaliyyət göstərəcək Macarıstan regionda uzunmüddətli sülhün bərqərar olmasına xüsusi diqqət ayıracaq və məcburi köçkünlərin doğma evlərinə qayıtmasına kömək göstərəcək.

Siyarto Ceyhun Bayramovu Avropaya qaz tədarükü barədə Türkmənistan ilə sazişin bağlanması münasibətilə təbrik edib. O deyib: “Bu, Macarıstan üçün irəliyə böyük addımdır, çünki biz Cənub Qaz Dəhlizi vasitəsilə təkcə Azərbaycandan deyil, eləcə də Türkmənistandan qaz ala biləcəyik”.

Materialda, həmçinin bildirilir ki, Siyarto ADA Universitetinin rektoru Hafiz Paşayevlə Niyyət Protokolu imzalayıb. Sənəd ADA ilə Macarıstan Diplomatik Akademiyası arasında təhsil sahəsində əməkdaşlığa istiqamətlənib. Onun sözlərinə görə, Macarıstan universitetlərinin 200 təqaüdünə sahib olmağı arzulayan azərbaycanlı tələbələr çoxdur.