Elə peşəkarlardan biri də 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində, ziyalı ailəsində dünyaya göz açan ədliyyə general-mayoru Mirsaleh Miradil oğlu Seyidovdur. O, hələ orta məktəbdə oxuyarkən, sinfinin nümunəvi və savadlı şagirdi kimi tanınırdı. Uşaq illərində onun ən böyük arzusu hüquq-mühafizə sistemində, xüsusən də penitensar xidmətdə çalışaraq ölkənin qanunlarına, asayişə qarşı çıxanları islah edib cəmiyyətə faydalı vətəndaş kimi qaytarmaq idi.
Məktəbin onuncu sinfini bitirərkən, Mirsaleh öz sevimli anasına “Mən general olacağam!” vədini verir. Necə deyərlər, “niyyətin hara, mənzilin ora”. Mirsaleh Seyidov 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə, hər ikisini fərqlənmə diplomu ilə bitirib.
Tale elə gətirir ki, 1998-ci ildə, ali məktəbi bitirdikdən sonra, Mirsalehin 21 yaşı olanda o dövrdə Məhkəmə Qərarları İcrası Baş İdarəsində leytenant rütbəsi ilə əməliyyatçı vəzifəsinə təyin olundu. Ziyalı və imkanlı ailədə böyüməsinə baxmayaraq, M.Seyidov Bakı Dövlət Universitetini bitirəndən sonra Daxili İşlər Nazirliyində, Dövlət Təhlükəsizlik Xidmətində və ya keçmiş MTN-də, yaxud da ki, prokurorluq orqanlarında çalışa bilərdi. Ancaq onun uşaqlıq arzusunu həyata keçirmək üçün könüllü olaraq o vaxtkı Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə, yəni bugünkü profesional xidmətə işə qəbul olundu. Bu müddət ərzində məhkumların və kollektivin böyük hörmət və rəğbətini qazanmışdır. Hətta başqa başqa müəssisələrdə xoşagəlməz hallar baş verdikdə müəssisə rəhbərliyi ilə dustaqlar arasında anlaşılmazlıq olarkən onlar müəyyən iğtişaşlar törədərkən Mirsaleh Seyidovun nüfuzundan istifadə edərək onun məhkumlarla danışığa dəvət edir, problemləri aradan qaldırımışlar.
Beləcə, o, məhsuldar, Azərbaycana, dövlət və cəmiyyətə həsr olunan ictimai faydalı bir ömür yolunu şərəflə addımlamağa başladı.
Ciddi dövlət qurumunda çalışdığı mürəkkəb dövrlərdə mükəmməl əqidəsi, dəyərli şəxsiyyəti, pozulmaz ədaləti, sərt prinsipiallığı ilə seçilən Mirsaleh Seyidov 25 il bu sahədə xidmət edir. O, qüsursuz, nöqsansız, 10 nömrəli cəzaçəkmə müəssisəsinin rəisi, 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi, Şüvələn təcridxanasında rejim rəisi, fasilələrlə rəis müavini və rəis vəzifələrinə irəli çəkilib.
Hər zaman peşəkarlığını və profesional nüfuzunu artıran Mirsaleh Seyidov Penitensiar Xidmətin Əməliyyat və Rejim İdarəsinin rəisi vəzifəsində hörmətini qoruyaraq, nəinki çoxminli kollektiv, hətta məhkumlar arasında ədalətinə, əxlaqına, dürüstlüyünə, düzgünlüyünə görə həmişə sevilən bir hüquqşünas-zabit kimi tanınıb.
2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı sərəncamla Mirsaleh Seyidov Ədliyyə Nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib. Bildiyimiz kimi, müstəqilliyimizi ikinci dəfə bərpa edəndən sonra 1990-cu ildən 2023-cü ilə qədər Penitensiar xidməti sistemində yığılıb qalmış müəyyən qüsur və nöqsanlar hələ də aradan qaldırmaq mümkün olmurdu. Üstəlik də zamanın yeni tələbləri, insan hüquq və azadlıqları ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların fərli diktəsi öz sözünü deyirdi. Məhkumların qida rasionlarının ürəkaçan vəziyyətdə olmaması, onlarla cəzaçəkmə müəssisələrinin əməkdaşlarının münasibətlərindəki gərginliklər, hər iki tərəfin davranışlardakı mənfiliklər, qeyri-qanunu rəftarlar, bəzi hallarda isə məhkumlara qarşı işgəncə, şiddət baş verməsi Penitensiar xidməti sisteminin idarəçiliyində yeniliklər tələb edirdi. 2023-cü ildə cənab Prezidentin sərəncamı ilə Mirsaleh Seyidovun xidmət rəisi və ədliyyə nazirinin müavini təyinatından sonra sanki bu sahədə bir islahatlar başladı. Sanki məhkumlar üçün tamam başqa bir rejim tətbiq olundu. Çoxları bilir ki, əksər məhkumun törətdiyi cinayət o qədər ağırdır ki, onlar üçün amnistiya tətbiq olunması müəyyən zaman və vaxt tələb edir. Ancaq məhkumların yaşadığı müəssisələrdə vətəndaş hüquqlarının bərpası onlar üçün bir amnistiya kimi bir addım kimi qəbul oluna bilər.
Mirsali Seyidovun bu ağır və məsuliyyətli vəzifəyə təyin olunmasından sonra dustaqların təminatı müsbətə döğru sürətlə dəyişməyə başladı. Bu sahəyə yenilənmiş ictimai nəzarətin bərpa edilməsindən sonra cəzaçəkmə müəssisələrindəkilərin keyfiyyətli qidayla təmin olunması, təzə ərzaq məhsullarının verilməsi, onların yataq yerlərinin müasirləşdirilməsi, məhkumların öz ailə üzvləri ilə telefon və görüntülü danışıqların bərpası, görüşlərə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, bu kimi bir sıra süni maneələrin ortadan götürülməsi Penitensiar xidmətin uğurlu fəaliyyətinə dəlalət edir.
Üstəlik də cəzaçəkmə müəssisələrindəki rejim qaydalarının əvvəlkinə nisbətən ədalətli şəkildə yumşaldılması, oradakı məhkumlara olan insani rəftarın qarşılıqlı münasibətlərin tənzimlənməsində müsbətə doğru atılan addımlardan sayıla bilər. Söz yox ki, bütün bu sadalananların hamısı Mirsaleh Seyidovun peşəkar bacarıqlarından, fərdi nüfuzundan irəli gəlir. Ona tapşırılan məsul vəzifənin məsuliyyətini gözəl dərk edən peşəkar general dövlətin həvalə etdiyi tapşırıqları yüksək səviyyədə reallaşdırılması ilə ölkə ictimaiyyətinin də hörmətini qazana bilmişdir.
Onu da vurğulamaq vacibdir ki, Mirsaleh Seyidov bir sıra cəzaçəkmə müəssisələrində bəzi hallarda məhkumların narahatçılığından yaranan fərdi və kütləvi etirazlar zamanı özünün şəxsi nüfuzundan istifadə edir. Belə gərginliklər vaxtı məhkumları sakitləşdirmək, qanunun tələblərinə riayət etmələri üçün yararlandığı peşəkarlığı ilə yanaşı M.Seyidov ziyalı ailəsindən aldığı tərbiyə, xalqın milli-mənəvi dəyərlərindən də istifadə edən yüksəkrütbəli hüquqşünas kimi də tanınır.
Mirsaleh Seyidov ağır bir seyid ocağın nümayəndəsi olmaqla bərabər, hər zaman övladlarına halal çörək yedizdirmiş Seyid Miri babanın nəvəsidir. Seyid Miriş Ağa böyük bir elin nüfuzlu ağsaqqalı idi: Qərbi Azərbaycandan – Sisyan Qarakilsə rayonunun Urud kəndindən üz tutduğu, uzun müddət yaşadığı Sumqayıt şəhərində vətən həsrəti ilə ömrünü başa vurub.
Hələ sağlığında Ulu Öndər Heydər Əliyev, eləcə də sonralar, Ümummilli Liderin layiqli davamçısı, siyasi-dövlətçilik məktəbinin ardıcılı Prezident İlham Əliyev hər dəfə Sumqayıta gələndə, Azərbaycanın və Zəngəzurun nüfuzlu bir ağsaqqalı, ağır seyid kimi Miriş Ağa əlində qədimi müqəddəs “Quran”la onları qarşılyardı. Ulu Öndəri hər zaman “Quran”ın altından keçirən, onlara dualar ünvanlayan, qarşılarında çıxış edən böyük şəxsiyyət kimi Seyid Miriş Ağa yaddaşlarda qalıb.
Bu günlərdə şərəfli ad gününü qeyd edən Mirsaleh Seyidov həmin Seyid Miriş Ağanın müqəddəs ocağının nümayəndəsidir. O, ata və babasının adına layiq bir şəxsiyyət, peşəkar general kimi cəmiyyətdə nüfuz qazanmaqla mənsub olduğu nəslin layiqli övladı olduğunu nümayiş etdirməkdədir. Bu gün də bütün kollektivi, eləcə də məhkumlar və onların ailə üzvləri ondan razıdır: axı onun rəhbərliyi altında Penitensiar xidmət sahəsində uğurlu islahatlar güclənməkdədir.
Məhz belə uğurlu fəaliyyətinə görə M.Seyidov çoxsaylı diplom və mükafatlara, eyni zamanda ölkə Prezidentinin sərəncamlarına əsasən, 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)”, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)”, 2023-cü ildə “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)”, 2023-cü ildə “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)”, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib. Fikrimizcə, bu təltiflər həm də xalqımızın sayğısı və “çoxsağolunu” ifadə edir…
Aydın Xan Əbilov,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elekteon Kitabxana portalının yaradanı, www.yenimedia.net saytının baş redaktoru, “Ədəbiyyat qəzeti” redaksiyasının şöbə redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq
P.S. İctimai Nəzarət Koalisiyasının rəhbər, eləcə də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB və Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, ictimai xadim Rasim Məmmədov, eləcə də çoxsaylı üzvləri adından Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini – Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovu ad günü münasibəti ilə səmim-qəlbdən təbrik edir, ona məsul vəzifədə uğurlar, can sağlığı, xoşbəxtlik arzulayırıq.