Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Peşə Təhsilinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılacaq.
Bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən “Peşə Təhsilinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq olunacaq. Fondun işçilərinin say həddi 9 ştat vahidi müəyyən ediləcək.
Qərarda göstərilir ki, Peşə Təhsilinin İnkişafı Fondu müvafiq sahədə gəlir və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələri arasında ədalətli bölgüsünü təmin edən, təhsilin inkişafına dəstək göstərən publik hüquqi şəxsdir. Fond Nazirliyin tabeliyində fəaliyyət göstərəcək.
Fond peşə təhsili sahəsinin inkişafına maddi yardım göstərmək, peşə təhsili sahəsində gəlirləri peşə təhsili müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə yönəltmək, peşə təhsilinin inkişafı ilə bağlı dövlət siyasətinin və peşə təhsilinin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda peşə təhsili müəssisələrində maliyyə vəziyyətini təhlil edəcək və müvafiq meyarlar əsasında mükafatlandırılması üzrə tədbirlər görəcək.