Pensiya və sosial yardım alanların sayı açıqlanıb

0
317

Bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 20 faiz artırılaraq 2022-ci ilin 1 yanvar tarixindən 240 manat müəyyən olunub. İlkin məlumatlara əsasən 2022-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1197,0 min nəfər olmaqla ölkə əhalisinin 11,9 faizini təşkil edib. Həmin dövrə 397,0 min nəfər sosial müavinət, 299,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2021-ci il ərzində birdəfəlik müavinət alanların sayı 83,4 min nəfər olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 2021-ci il yanvarın 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri artırılaraq Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün 1800 (artımadək 1500) manat, şəhid, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 500 (300) manat, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 400 (250) manat, II dərəcə əlilliyi olan şəxslərə 350 (230) manat, III dərəcə əlilliyi olan şəxslərə 300 (210) manat, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər üçün 300 (150) manat, ümumi səbəblərdən l dərəcə əlilliyi olan şəxslər üçün isə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 130 (100) manat müəyyən edilib.

2021-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə və ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə aylıq məbləğləri müvafiq olaraq 2000 və 210 manat olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təsis edilib.

2022-ci il yanvarın 1-dən I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 60 faiz artırılaraq 80 manata çatdırılıb.

Həmin tarixdən ayrı-ayrı kateqoriyadan olan şəxslərə təyin edilən müxtəlif növ aylıq sosial müavinətlərin məbləğləri də artırılaraq yaşa görə 130 manatdan 180 manata, I dərəcə əlilliyi olan şəxslərə 150 manatdan 220 manata, II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata, III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqlara 150 manatdan 200 manata, ailə başçısını itirməyə görə 80 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə və beşdən çox uşağı olan qadınlara (hər uşaq üçün) 55 manatdan 70 manata, övladlığa götürülən uşağa görə 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə isə 480 manatdan 600 manata çatdırılıb.

Qeyd olunanlarla yanaşı, 2022-ci il yanvarın 1-dən uşağın anadan olmasına görə müavinətin məbləği 200 manatdan 300 manatadək, dəfn üçün müavinətin məbləği isə 300 manatdan 350 manatadək artırılıb. İlkin məlumatlara əsasən, 2022-ci ilin əvvəlinə 44,7 min aztəminatlı ailənin 194,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 64,3 manat təşkil edib.