“Penn State”in azərbaycanlı dahisi: ABŞ professorunu belə təəccübləndirib

0
30

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edib 10-cu sinifdə riyaziyyat olimpiadasına göndərənə qədər… Məhz o olimpiadadan sonra karyera yolunu da seçib, bu yolla uşaqlıq arzusunu da reallaşdırıb, hətta ABŞ-li professoru da təəccübləndirməyi bacarıb.

Müsahibimiz Pensilvaniya Dövlət Universitetinin 2-ci kurs tələbəsi Nihad Həsəndir. Nihad bu universitetdə kompüter elmləri ixtisası üzrə təhsil alır.

“O filmlərə baxdıqda, burada təhsil almağı xəyal edirdim”

2006-cı ildə Bakıda anadan olub. Cəmi bir il SAT və TOEFl-a hazırlaşıb və imtahanda iştirak edərək yüksək bal toplayıb. Türkiyə, Almaniya və İsveçrədən qəbul alsa da, uşaqlıq arzusunu reallaşdıraraq ABŞ-ni seçir: “ABŞ məni uşaqlıqdan baxdığım filmlərlə özünə cəlb etmişdi. Hər dəfə o filmlərə baxdıqda burada təhsil almağı xəyal edirdim. İmtahan verdim və yüksək bal topladım. Universitetlərə qəbul aldıqda, ölkələr arasında ABŞ-dən başqa, Almaniya, İsveçrə, Türkiyə də var idi. ABŞ uzaq olduğu üçün valideynlərim orada təhsil almağımı istəmirdilər. Amma xəyallarımın da önünü kəsmədilər. Atamla ilk dəfə buraya gəldim, universitetimlə tanış oldum və ABŞ macəram başladı”.

“Seçildiyimin fərqində deyildim”

Yuxarıda da qeyd etdiyimiz kimi, Nihad riyazi istedadını gec kəşf edib. Buna qədər o, əksər oğlan uşaqları kimi polis, vəkil olmaq istəyib: “İnsan özünü kəşf edənə qədər hər yaşda müxtəlif peşələrə maraq göstərir. Bu, məndə də elə idi. Amma 10-cu sinifdə məktəbimizin direktoru mənə karyera yolumu tapmaqda işıq oldu. O vaxta qədər olimpiadalarda iştirak etmirdim. Direktor məni otağına çağırdı və dedi ki, riyaziyyat olimpiadasında iştirak etməlisən. Düzü, riyaziyyat fənnində yaşıdlarımdan seçildiyimin fərqində deyildim. Direktor dedi ki, səndə həvəs də var, bacarıq da, niyə qatılmayasan? Heç bir xüsusi hazırlıq keçmədən olimpiadada iştirak etdim və riyaziyyat üzrə birinci yeri qazandım. Bundan sonra riyaziyyat biliklərimə etibar etdim və kompüter elmlərinə marağımı inkişaf etdirdim. Kompüter elmlərinin nəbzi riyaziyyat və alqoritmlərdir. “Penn State”in bu ixtisasında riyaziyyata xüsusi önəm verilir. Tələbələr diskret riyaziyyat, hesablama nəzəriyyəsi, statistika və ehtimal, cəbri strukturlar kimi fundamental kurslar keçərək proqramlaşdırma və alqoritmik düşünmə qabiliyyətlərini gücləndirirlər. Riyaziyyatda bacarığı olan tələbələr bu proqramda sürətlə fərqlənə və yüksək nəticələr göstərə bilərlər. Bu yolu seçdiyim, bacardığım və sevdiyim sahədə peşəkarlaşmağa çalışdığım üçün özümü şanslı hesab edirəm”.

“Təhsil metodları çox fərqlidir”

Nihad deyir ki, burada təhsil metodları fərqlidir: “Mən indi Azərbaycandakı dostlarımla dərsləri müzakirə edəndə bunun fərqinə varıram. Bura balaca şəhər kimidir və dərsləri, müəllimini, dərs saatını sən seçirsən. Professorları araşdırıb uyğun olanı seçirik. Bəzən başqa ölkədən olan professorların nitqini başa düşmək çətin olur, bunu dəyişə bilirik. “Penn State” Universiteti ABŞ-nin ən nüfuzlu ali məktəblərindən biridir və burada Kompüter Elmləri (Computer Science) ixtisası texnologiya sahəsində karyera qurmaq istəyənlərə imkanlar yaradır. Tələbə həyatı da çox aktivdir – texnologiya klubları, “hackathon” yarışları və sosial layihələr tələbələrin həm texniki, həm şəxsi inkişafına kömək edir”.

“Professor “Nihad, gör düz yazmışam?” deyirdi”

Nihad deyir ki, elə birinci kursda ABŞ-li professor onun riyazi bacarıqlarının fərqinə varıb, hətta yaşının az olmasına baxmayaraq, iş üçün onu məsləhət bilib: “Riyaziyyatı tədris edən professorum dərsi izah edərkən bəzən mənimlə zarafatlaşırdı və geri dönüb soruşurdu ki, “Nihad, gör düz yazmışam?” Bu, məni çox sevindirirdi. Daha sonra elə ilk semestr mənə proqramçı köməkçisi vəzifəsinə iş təklifi gəldi. Bu iş üçün həftədə 300 dollar ödəyəcəklərini demişdilər. Amma dərslərimə daha çox fokuslanmaq istədiyim üçün imtina etdim. Daha sonra öyrəndim ki, məni onlara riyaziyyatı tədris edən professorum məsləhət görüb”.

Nihad ABŞ-də də riyazi bacarıqları ilə digər tələbə yoldaşlarından seçilib. Amma ikinci kursda vəziyyət dəyişib: “İllər keçdikcə, görürəm ki, riyaziyyat dəryadır və əslində, hələ heç nə bilmirəm. Hər yeni konsept öyrənəndə deyirəm ki, heç nə bilmirəm. Birinci kursda seçilirdim, rəqabət yox idi. İndi isə rəqabət var və üstünlüyü saxlamağa çalışıram”.

“Hər şey yaxşıdır, amma…”

Təbii ki, 17 yaşlı tələbə üçün ailəsindən uzaq ölkədə tək yaşamaq asan olmayıb: “İlk dəfə atamla gəlmişdim, özümü bir möcüzənin içindəki kimi hiss edirdim. Amma sonra çətinliyini yaşamağa başladım. İlk altı ay bu baxımdan yaddaşıma həkk olunub. Çox yorğun idim, amma o qədər motivasiyam var idi ki, bu yorğunluq da mənə zövq verirdi. Yorğunluqdan başqa üzərimdə çox böyük məsuliyyət var. Yad ölkədə təkəm və artıq hər işimi özüm həll etməyə çalışıram. Ailəm də mənə görə çox narahat idi. Amma onların güvənini boşa çıxara bilməzdim. Ona görə də bütün çətinliklərin öhdəsindən tək gəlirəm. Burada insanlar, mədəniyyətlər çox fərqlidir. İnsanlar ilk baxışda özünü tək hiss edir, amma dost tapmaq çətin deyil. Hər çətinliyin öhdəsindən gəlməyə çalışsam da, yemək problemini həll etmək mümkün deyil. Azərbaycan yeməklərini heç nə əvəz etmir. Nə qədər ləzzətli yemək təqdim etməyə çalışsalar da, eyni dad deyil. Hər şey yaxşıdır, amma yeməklərimizin həsrətini çəkirəm”.

“Hədəfim öz şirkətimi qurmaqdır”

Gələcək planlarına gəldikdə isə, həmsöhbətimiz deyir ki, növbəti hədəfi öz şirkətini qurmaqdır: “Başlanğıc üçün hansısa şirkətdə işləyəcəm. Amma planım orada öyrənib öz şirkətimi açmaqdır. Öz məhsulumu kəşf etmək üzərində çalışıram. Hətta atam da məndən tez-tez soruşur: “Kəşf etmisənmi?” (“Kaspi” qəzeti)