Bu barədə Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova məlumat verib.
“Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. Xəstəlik, adətən soyuqdəymə simptomları – kataral əlamətlər və hərarətin yüksəlməsi ilə başlayır. Sonra xəstədə möhkəm əzələ ağrıları və süst iflic əmələ gəlir. Bu zaman ətraflardan birinin və yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi üçün ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmaq mümkün olmadıqda xəstəlik ölümlə nəticələnə bilər. Xəstəliyin diaqnozu yalnız laborator müayinə, yəni törədicinin aşkar olunması nəticəsində qoyulur”, – deyə G.Cavadova qeyd edib.
Mütəxəssis bildirib ki, həmin xəstəlik əleyhinə xüsusi müalicə yoxdur: “Müalicə yalnız xəstəliyin simptomlarını, hərarətin yüksəlməsini, iştahasızlığı, əzginliyi, əzələ və baş ağrılarını, ishal və ya qəbizliyi və s. yüngülləşdirməkdən ibarətdir. Bu xəstəliyi keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya əzələlərin funksional aktivliyini bərpa edir. Yeganə profilaktika yolu peyvənddir. Peyvənd zamanı poliomielitə qarşı vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır. Azərbaycanda poliomielitə qarşı peyvənd uşağın 4-7 günlüyündə, sonra 2,3,4 və 18 aylığında edilir. Hər uşaq iki yaşınadək mütləq həmin vaksinin 5 dozasını qəbul etməlidir. Bir nüansı da nəzərə çatdırım ki, bu virusun yayıldığı bəzi ölkələrə – Hindistan, Pakistan, Əfqanıstan, Nigeriyaya səfər edilən zaman poliomielit əleyhinə peyvənd vurulmalıdır”.