Pasiyentlər əməliyyat günü ayağa qalxır – MÜSAHİBƏ

0
775

Bakıda 10-11 may tarixlərində keçiriləcək Üçüncü Beynəlxalq Ortopediya Forumuda iştirak etmək məqsədilə İsrailin Ticarət palatası Bakıya ən yaxşı həkimlərini (ortopedik cərrahiyə sahəsinə aid – red.) göndərib.

Bir müddət əvvəl Azərbaycan KİV-də İsrailin Ticarət-Sənaye palatasının Azərbaycandakı nümayəndəliyinin gördüyü işlərə həsr olunan tədbirin keçirilməsi haqda xəbər yayılmışdı. Palata bir sıra istiqamətlər üzrə aktiv fəaliyyətə başlayıb. Palatanın prezidenti Aleks Kaplun dediyi kimi, təqdimat zamanı əsas istiqamətlərdən biri tibb olub.

Ətrafımızda hər gün əsl möcüzələr baş verir. Uzun illər oynaq ağrılarından əziyyət çəkmiş, hərəkət məhdudiyyəti olan insanlar qısamüddətli və sadə əməliyyatdan keçərək, elə həmin gün ayağa qalxırlar. Bir çoxlarının təsəvvürünə ölümcül xəstə olan insanların sehrli çubuğun köməyi ilə tam sağalıb ayağa qalxmasını əks etdirən Amerika “din şouları” gələ bilər, ancaq bu daha çox elmi-fantastikaya bənzəyir.

21-ci əsrdə yeni ortopediya texnologiyaları, müasir material və metodlardan istifadə olunur – bax budur həyata keçmiş elmi-fantastika.

55 yaşlı həkim Vadim Benkoviç İsrailə 1989-cu ildə həyat yoldaşı ilə köçüb: “Biz evlənər-evlənməz “aliya” (ivrit dilində “yüksəlmə”, “ucalma”) həyata keçirdik və repatriasiya etdik- planımız belə idi”, – deyə o bildirib.

Vadim Benkoviç bu sahədə əldə olunan inanılmaz elmi nailiyyətlər barədə danışıb. O, xüsusilə oynaqların dəyişdirilməsi istiqamətində qazanılmış uğurlardan və bu uğurların pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmasından söz açıb.

– Bu, böyük “aliya” ərəfəsində idi, elə deyilmi?

– Bəli, yaxşı xatırlayıram, bizim “aliya”dan sonra qazetlərin birində oxudum ki, İsrailə 40 min repatriant gəlib. Təxminən bir il sonra isə sayları təxminən bir milyon nəfərə çatdı. Həmin vaxt biz başqa heç bir şey barədə düşünmürdük.

Sizə deyim, elə də asan məsələ deyildi, işi atıb, mənzili dövlətə qaytarıb, vətəndaşlıqdan imtina etmək. Hətta bir müddət mən ümumiyyətlə heç bir ölkənin vətəndaşı deyildim, o qədər də xoş təəssürat deyildi. İsrailə gələndə güzəran o qədər yaxşı deyildi. Əvvəllər həkim işləsəm də, yenidən tibbi imtahanda iştirak etməli, sonra isə iş axtarmalı oldum.

– Bir qədər ixtisasınız barədə danışın. Hansı sahənin həkimisiniz?

– Sovet dövründə uşaq cərrahı idim. Ancaq İsraildə hər şeyi yenidən başlamalı oldum. İxtisasartırma kursunda iştirak etməli oldum və Soroki şəhər xəstəxanasında ortopediya ilə məşğul olmağa başladım.

–  Niyə məhz ortopediya?

– Mənə elə gəlir ortopediya kişi üçün ideal sahədir – özündə çoxlu metal işi, mühəndis nailiyyətlərini, qabaqcıl texnologiyaları ehtiva edir… Ortopediya tibblə mühəndisliyin sərhədində dayanır. Belə deyək, insan bədəninin mühəndisliyidir.

 – Oynaqların dəyişdirilməsi sahəsinə necə gəlib çıxdınız?

– İxtisasartırmadan keçən zaman mənə hərbi xidmətə çağırış gəldi. Həmin dönəmlərdə daha yetkin yaşda olan insanları çağırırdılar, həkim çatışmazlığı var idi. Mən zabit-həkim kurslarında iştirak etdim və bir il yarım həqiqi hərbi xidmət keçdim. Mənim üçün bu çox maraqlı bir dönəm idi. Tədricən israilliyə çevrilirdim, ölkəmi və onun dilini öyrənirdim.

Xidmət zamanı Qəzzada və Betləhəmdə bəzi xoşagəlməz hallarla üzləşsəm də, bunu topladığım müsbət təcrübə və uğurlu absorbasiyanın vacib faktoru sayıram. Kursları fərqlənmə ilə bitirdim, professor Şuki Şemer zabit paqonlarını mənə şəxsən təqdim etdi. Həmin vaxt baş ordu həkimi idi.

İl yarım xidmət çəkdikdən sonra, Soroki xəstəxanasında ixtisasımı davam etdirdim. Daha sonra məni ABŞ-a, Florida ştatının Tampa General xəstəxanasına göndərdilər. Mənim şöbəmə bu sahənin tanınmış mütəxəssisi Roy Sanders başçılıq edirdi. Orada travmotologiya ilə ciddi şəkildə məşğul olmağa başladım. Floridada yarım ilə yaxın işlədim. Həmin günlərdən iyirmi ildən çox vaxt ötür. Bununla belə həmin dövrü və həkim Sanderslə əməkdaşlığı həyatımın ən vacib dövrlərindən biri kimi xatırlayıram.

Vətənə qayıtdıqdan sonra, ABŞ-da topladığım nəzəri-praktiki bilikləri iş başında tətbiq etməyə başladım. Həmin dönəm bir elm sahəsi kimi ortopediyada inqilabi dəyişikliklər dövrü idi. Şəxsən mənim üçün və ümumiyyətlə, İsrail tibbində çox şeylər dəyişmişdi. Məsələn, əvvəllər gips sarğılar qoyulurdu və xəstə ayağı yarımasılı vəziyyətdə uzun aylar çarpayıdan qalxa bilmirdi.  Həmin dönəmdə “Rapid Recovery”, yəni sürətli bərba prosesi tətbiq olunmağa başladı. Mən günü bu gün də İsraildə bu metoddan istifadə edirəm.

1999-cu ildə yenidən ABŞ-a yollandım. Bu dəfə yolum Nyu-Yorka, Oynaq Xəstəlikləri Xəstəxanasına düşmüşdü (Hospital for Joint Diseases). Orada Uolter Besserin rəhbərliyi altında rekunstruktiv ortopediya ilə məşğul idim – oynaqların dəyişdirilməsi, qüsurların korreksiya yolu ilə aradan qaldırılması, rekonstruktiv ortopediya və s. Yeri gəlmişkən Amerikada ordinaturanın hər ikisini mənim üçün Soroki xəstəxanasının professoru Dan Atar təşkil etmişdi. O, tabeliyində olan tibbi personalın qabaqcıl ortopedik metodlardan istifadə etməsində maraqlı idi.

2000-ci ildən oynaqların əvəzlənməsi ilə məşğulam. Soroki xəstəxanasında Oynaqların əvəzləməsi şöbəsinin müdiriyəm. Bu, kiçik, ancaq olduqca uğurlu iş aparan şöbədir. Elmin son sözü olan texnika və texnologiyalardan istifadə edir.

Sürətli bərpa

– Sizin istifadə etdiyiniz texnologiyalar standart metodlardan nə ilə fərqlənir?

– Mən minimal invaziv cərrahi əməliyyat sistemi hazırlamışam. Bu, əməliyyatların məqsədi – yumşaq toxumaların zədələnməsini minimal səviyyəyə çatdırmaq və bərpa prosesini sürətləndirməkdir. Bundan başqa biz xəstəni əməliyyata son dərəcə diqqətli şəkildə hazırlayırıq.

Misal üçün, keyidici terapiya əməliyyatdan beş gün qabaq başlayır, əməliyyatdan sonra ağrıların başlaması ilə yox.

Halbuki əvvəllər pasiyentlər əməliyyatdan sonra bir neçə gün ərzində çarpayıdan qalxa bilmirdi və bir neçə həftə keçəndən sonra gəzməyə başlayırdılar, bərpa və reabilitasiya prosesləri isə uzun aylar sonra başa çatırdı. Pasiyentlər əməliyyatdan sonra uzun müddət ayağa qalxa bilmədiklərini düşündüklərinə görə oynaqların əvəzlənməsi prosedurundan qorxurlar.

Hazırda həm əməliyyat, həm də sağalma prosesi çox qısa zaman alır. Məsələn, mənim sabaha doqquz əməliyyatım var. Halbuki ixtisas artıran zaman yalnız günə iki əməliyyata vaxtım çatırdı. Sabah əməliyyat edəcəyim pasiyentlər elə sabah da ayağa qalxacaqlar.

– Bərpa prosesinin qısalması tibbə hər hansı təsir göstərib?

– Əlbəttə. Bütün dövlət səhiyyəsində “oyun qaydaları” dəyişib, təkcə ortopediyada yox. Bunun nəticəsidir ki, artıq bu gün bir çox xəstəxanalar Hospital for Rapid Recovery (sürətli sağalma xəstəxanası) adını daşıyır.

Sürətli sağalmaya hərtərəfli düşünülmüş hazırlıq, o cümlədən mənəvi hazırlıq kömək edir. Ancaq əsasən, invaziv cərrahi prosedur və düzgün tətbiq olunan keyitmə proseduru hesabına xəstə qısa zamanda özünə gələ bilir. Bizim yanaşmanın əsas üstünlüklərindən biri pasiyentlərin əməliyyatdan qısa ara sonra işə qayıda bilməsidir. Daha bir üstünlüyü – hospitalizasiya zamanının azalmasıdır ki, bu da öz növbəsində təhlükəli infeksiyaların yayılma riskini azaldır. Halbuki xəstəxanada olduğu müddətdə pasiyentin infeksiyaya tutulma riski gündəlik olaraq 2% artır.

Qabaqcıl texnologiyalar

– Siz əməliyyatlarda hansı texnologiyalardan istifadə edirsiniz?

– Hər şey olduqca fərdidir, əməliyyatların çoxu konkret pasiyentin tələblərinə uyğun gerçəkləşdirilir. Bir növ, kostyum tikən, yüz ölçüb bir biçən dərzi kimi əməliyyata qabaqcadan hazırlaşırıq. Birinci mərhələdə vizual yoxlamalar aparır və oynağın səthini rekonstruksiya edirik.

3D printerlə oynağın modelini hazırlayırıq, bütün ölçü işlərini elə həmin model üzərində aparırıq. Ona görə də əvvəllər edildiyi kimi, ölçü məqsədilə yara sahəsini genişləndirmirik. Protez hələ əməliyyatdan qabaq pasiyentin oynağına uyğunlaşdırılır. Biz oynağın səthini emal edirik, çox nazik təbəqəni cilalayırıq və protezi yerləşdiririk. Bu bir növ diş tacının qoyulmasına bənzəyir.

Materialların hazırlanmasında kifayət qədər yüksək tərəqqiyə nail olmuşuq. Keçmişdə orqanizm üçün o qədər də yaxşı olmayan materiallardan istifadə olunurdu. Ancaq indi başlıca olaraq, titan əsaslı aşınmaya davamlı xəlitələrdən istifadə olunur. Bundan başqa, keramik protezlər də var. Orqanizm onları çox yaxşı mənimsəyir. Bədənin belə protezləri qəbul etməməsi halları olduqca nadirdir.

Ona görə də biz gəncləri də əməliyyat etməkdən çəkinmirik. Çünki qoyulan protezlər paslanmaya davamlıdır, yırtılmır və sınmır. Hazırda azyaşlılara və 15 yaşına qədər yeniyetmələrə belə protez qoyuruq. Üstəlik onlara vaxtaşırı qulluğa və ya təkrar əməliyyatlara lüzum qalmır.

Digər yandan, bizim pasiyentlər arasında yaşı 90-dan çox olan insanların da sayı az deyil. Bu il bir pasiyentim var idi, 100 yaşı tamam olmuşdu…

– İsrail oynaqların əvəzlənməsi sahəsində dünya üzrə neçənci yerdədir?

– Günü bu gün İsraildə ilə təxminən 10 min əməliyyat həyata keçirilir. Mənim hesablamalarıma görə, onların cəmi 20 faizi ehtiyacdan irəli gəlir. Əksər pasiyentlərim mənə belə deyir: “Bunun belə asan olacağını bilsəydim, əməliyyatı beş il gözləməzdim”.

Məsələ ondadır ki, əhalinin bununla bağlı məlumatlılıq səviyyəsi çox aşağıdır. Onlar müalicə sürəti, qulluq və müşahidələrlə bağlı heç nə bilmir. Onlar bilməlidilər ki, təkcə bir əməliyyatla oynaq ağrısı problemlərindən həmişəlik qurtulmaq olar.

Biz, əsasən, omba və diz oynaqlarında əməliyyat aparırıq. Yəni sadaladıqlarım ümumi əməliyyatların 90 faizini təşkil edir. Ona görə ki, ən çox aşınmaya məhz bu oynaqlar səbəb olur, həmçinin aşağı ətrafların hərəkətliliyini məhdudlaşdırırlar. Əməliyyatdan sonra əksər pasiyentlər keçmiş problemlərini unudur.

İsrail bir çox aspektlərdə aparıcı ölkələrdəndir. Məsələn, beynəlxalq şirkətlər və iri tibb avadanlıqları istehsalçıları həkimlərin ixtisasartırma keçməsi baxımından bizim ölkənin əsas ölkə olduğunu hesab edir. Bizim sahə ilə əlaqədar tibbi turizm də kifayət qədər yüksək inkişaf edib. Bizə Kanada və ABŞ-dan pasiyentlər gəlir.

– Siz son 20 il ərzində oynaqların əvəzlənməsi sahəsində müşahidə olunan inqilabi dəyişikliklərdən söz açdınız. Bəs on ildən sonra bizi nələr gözləyir?

– Cərrahi metodlar, avadanlıq və materiallarla bağlı daha yüksək tərəqqiyə nail olacağımıza inanıram. Habelə, mənə elə gəlir ki, irəliləyişi zaman şkalası ilə ölçmək düzgün deyil.

Bizim artıq 3D printerlə çap olunmuş protezlərimiz var. Yəqin ki, protezlər daha yumşaq və aşınmaya daha davamlı olacaq. Ola bilsin, gələcəkdə protezlərə bakteriyalara qarşı təbəqələrin çəkilməsi mümkün oldu. Bu gün biz orqan böyüdülməsi ilə də məşğul oluruq, qığırdaq və dəri toxumaları yetişdiririk. Aşınmaya davamlı üzvü materialların axtarışını aparırıq. Ancaq yəqin ki, bunu mən görə bilməyəcəyəm…

Niyə əziyyət çəkək

– Siz oynaqla əlaqədar hərəkət məhdudiyyəti olan və əməliyyat olunmağa tərəddüd edən xəstələrinizə nə deyirsiniz?

– Əsas məsələ xəstəni iztirablardan azad etməkdir. Elə etməliyik ki, nə əməliyyatdan əvvəl, nə də sonra olsun. Əczaçılıq sahəsindəki nailiyyətlərimizi də unutmamalıyıq. Əməliyyat olunsan, pasiyent aktivliyini qoruyub saxlayacaq və ağrı nədir bilməyəcək. İnsanlar sadəcə bizim imkanlarla bağlı lazımınca məlumatlı deyillər.

Pasiyentlər əməliyyatdan sonra adətən belə deyirlər:

“Anlaya bilmirəm, niyə bu qədər illər əzablara dözmüşəm”.

Niyə gözləyək axı – hərəkət məhdudiyyəti niyə insanların həyat keyfiyyətinə səbəb olsun, onların ağrı mənbəyinə çevrilsin?!  Hamıya məlumdur ki, zaman keçdikdə insan yaşlanır və səhhəti pisləşir. O zaman niyə boşuna vaxt itirək?!

Latın dilində belə bir müdrik ifadə var – “Vita est Motus” – hərəkət həyatdır. Bu bütün üzvü həyat formalarını birləşdirir. Az hərəkət edən insanlar, yüksək təzyiqdən, artıq xolesterindən, artıq çəkidən əziyyət çəkir. Hərəkət bütün xəstəliklərə qarşı ən yaxşı dərmandır. Onlardan çox asan və tez – bir günə qurtulmaq olar. Bu sahədə əldə olunan son nailiyyətlər hərəkət məhdudiyyətindən azad olmağa kömək edir. Müasir tibb artıq bu problemi çözüb.