Paşinyanın Qarabağ çıxışı: Buna hazır olmalıyıq – Zülfüqarov

0
580

Tofiq Zülfüqarovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Tofiq müəllim, son günlər Ermənistanda gərgin ictimai-siyasi durum müşahidə olunur. Bu ölkədə baş verən hadisələri necə qiymətləndirirsiniz?

– İndi Ermənistanda bölünmə baş verir. Amma bunu coğrafi baxımdan bölünmə kimi deyil, siyasi-iqtisadi bölünmə kimi qəbul etmək lazımdır. Yəni Ermənistanda siyasət bilavasitə mülk və imkanlarla bağlıdır.

Son 20 ildə Ermənistanda formalaşan Qarabağ qruplaşması əksər vacib mövqeləri əldə edib. Hazırda buna qarşı yerevanlıları birləşdirən qruplaşma dayanıb. Söhbət Paşinyanın rəhbərlik etdiyi hökumətdən gedir. Bu mənada iki qrup arasında siyasi-iqtisadi konflikt var və mübarizə qızışıb. Köçəryanın həbsi və azadlığa buraxılması bu mübarizəni bir qədər də sürətləndirib.

– Doğurdanmı Robert Köçəryanın həbsdən buraxılması İrəvan qruplaşmasını silkələyir?

– Nəzərə almaq lazımdır ki, 20 il müddətinə Ermənistanı idarə edən qarabağlıların imkanları çox genişdir. İndi onlar Paşinyana göstərirlər ki, sən legitim hakimiyyətə sahibsən, amma bizim mövqeyimiz nəzərə alınmadan iqtisadi və digər sahələri tam şəkildə idarə edə bilməzsən. Bu, Paşinyana açıq mesajdır.

Köçəryanın həbsdən buraxılmasından dərhal sonra Paşinyan sərt bəyanat verərək xalqı məhkəmələrin qapısını bağlamağa, onları blokadaya almağa dəvət etdi. Sonradan baş nazirin daha bir bəyanatı oldu, nisbətən yumşaq üslubda… O, insanları məhkəmələrin inzibati binalarından , küçələrdən çəkilməyə səslədi.

Bəzi mənbələrin məlumatına görə, Paşinyan həmin gün axşam saatlarında müdafiə naziri və Baş qərargah rəisi ilə görüşərək müzakirələr aparıb. Guya Azərbaycan faktoru onu məcbur edib ki, ikinci dəfə bəyanatını nisbətən yumşaq üslubda versin. İstər-istəməz konflikt faktoru Ermənilərin daxili mübarizəsinə təsirini göstərəcək, uduzan tərəf bu faktordan istifadə etməyə çalışacaq. Yəni özləri çalışacaqlar ki, bizi hərbi təxribatlara çəksinlər. Beləcə siyasi prosesləri başqa bir səmtə yönəltməyə cəhd edəcəklər.

– Yeri gəlmişkən, Paşinyan bəyan edib ki, müharibəni başlatmaq, əraziləri vermək və bunun məsuliyyətini onun üstünə yıxmaq istəyirlər…

– Bəli, bundan məlumatım var. Birincisi, Qarabağ klanının siyasi nüfuzunun bir hissəsi Rusiyada olan erməni diasporu, ümumiyyətlə, Rusiya ilə olan əlaqələrdir. Bu mənada konfliktləri ənənəvi idarə etmək ənənəsini heç kəs istisna etmir. Bu metod bizə də, Gürcüstana, Moldova və Ukraynaya da tətbiq edilib. Sabah Ermənistanda tətbiq ediləcəyini istisna etmək olmaz. Ancaq mənim fikrimcə, Ermənistan tərəfindən hərbi provokasiya real görünür. Biz buna hazır olmalıyıq…

– Hazırda rəsmi Yerevanın Qarabağdakı qanunsuz strukturlara, orduya təsiri varmı, oradakı proseslərə nəzarət edə bilirmi?

– Ermənilər öz təbliğatlarını gücləndirmək üçün bəyan edirlər ki, bölünməyə əsas səbəb regional faktordur. Ancaq mən bunun tərəfdarı deyiləm. Biz bunu ermənilər deyən formada qəbul etsək, belə çıxacaq ki, qarşımızda iki qurum var: tanınmış erməni dövləti və tanınmamış erməni dövləti. Bu, ciddi yanaşma deyil.

İkincisi, əgər doğurdan da Ermənistan və Qarabağdakı saxta rejim ayrı-ayrılıqda tam müstəqil qurumdurlarsa, onda nəyə görə qarabağlıları təmsil edən, amma Yerevanda yaşayan Arkadi Qukasiyan, Bako Saakyan gəlib Robert Köçəryana zamin durublar? Əgər bu qurumlar müstəqildirsə, niyə Qarabağdakı separatçı rejimin nümayəndələrini Yerevanda parlament dinləmələrinə dəvət olunur və burada onlardan hesabat istənilir?

Qarabağdakı erməni hərbi qüvvələrini götürsək, Ermənistan qoşunları say və tərkib baxımından ən böyük birləşmədir. Onun zabitləri, rəhbərliyinin hamısı Yerevandan gəlir. Nəhayət, seçki sistemi eynidir. 20 ilə yaxındır Qarabağdan çıxan və formal olaraq Azərbaycan vətəndaşı olan şəxslər gedib Ermənistanda prezident olurlar… Hərbi sistem demək olar ki, eynidir və bir mərkəzdən idarə edilir. Eləcə də maliyyə və iqtisadi sistem fərqli deyil. Ermənistanın baş naziri gəlib işğal olunan ərazilərdə hansısa obyektlərin açılışını edir. Hətta Nikol Paşinyanın oğlu Dağlıq Qarabağda xidmət edir. Yəni çoxlu belə misallar var və bunlar göstərir ki, əslində Ermənistanla Qarabağ arasında regional və coğrafi bölünmə yoxdur.

Sadəcə ermənilər özləri təbliğat üçün belə təqdimata üstünlük verirlər. Biz gərək belə məsələlərə getməyək. Bu qarşıdurma tərəfində duranlar sadəcə siyasi-iqtisadi qruplaşmalardır. Bu qruplaşmalar bir-birinə qarşı çıxır və mübarizə aparırlar. Real vəziyyət budur.

– Hadisələr göstərir ki, şərti desək qarabağlılar heç də sakit oturmayıblar və revanş götürüblər. Sizcə, onların Paşinyanı hakimiyyətdən sala bilən gücü varmı?

– Qeyd edim ki, Nikol Paşinyan qarşı tərəflə mübarizəni hələ davam etdirəcək. Onun devrilməsi söhbəti bir qədər mürəkkəbdir. Devrilmə təhlükəsi hiss edəndə Paşinyan əsas rezervinə müraciət edir, erməni xalqını küçələrə çağırır.

Sözsüz ki, gec və ya tez Paşinyan devriləcək. Çünki Ermənistanın siyasi ənənəsi göstərir ki, onlarda normal siyasi proseslər mümkün deyil. Ya kimisə güllələyir, ya devirir, ya da döyürlər. İndiki mərhələdə konkret qarşıdurma kəskinləşir və bunun çıxış yollarını tapmaq üçün onlar hərbi karta əl ata bilərlər. Biz məsələnin bu hissəsindən ehtiyatlı olmalıyıq.