Paşinyanın oğlundan yeni “performans”– ŞƏRH + VİDEO

0
779

Ermənistanda küçə demokratlığından “məxməri inqilab”ın lideri zirvəsinə yüksələn, daha sonra isə Baş nazir postuna gələn Nikol Paşinyanın başı üzərindən qara buludlar çəkilmir. Özü də bu qara buludları Paşinyan özü yaradır.

Populizmi siyasətinin əsas istiqaməti seçən Nikol Paşinyan gah daxili problemləri unutdurmaq üçün Ermənistanın 2050-ci il üçün hədəflərini açıqlayır, gah köhnə hakimiyyət komandasına qarşı genişmiqyaslı kampaniyaya start verir, gah da korrupsiya ilə mübarizənin vacibliyinə toxunur.

Təbii ki, Paşinyanın gedişləri Ermənistanda illərdir qalaq-qalaq olmuş, yeni hakimiyyət dönəmində də davam edən daxili böhrana zahiri parıltı verib effektiv işlər görüldüyünə dair rəy yaratmaqdan ibarətdir. Nikol Paşinyanın addımları, naşılığı, populizmi onun siyasi karyerasındakı çöküşünə və mənəvi deqradasiyasına yol açır.

Buna görə də, Paşinyanın nüfuzunu ölçən cəmiyyətin barometri amansızdır.

Ona görə ki, korrupsiya ilə mübarizəni hədəf elan edən hökumətin ali nümayəndəsinin özü və ailəsi korrupsiya bataqlığına yuvarlanıb. Ermənistan mətbuatı bununla bağlı ardıcıl olaraq məlumatlar yayır və bu informasiyalar daxili rəydə Paşinyanın nüfuzunu aşağı salan xalları çoxaldır.

Paşinyanın oğlu “topa tutulur”

Həmin məlumatlara keçmədən öncə, son zamanlar Ermənistanda əsas müzakirə mövzusuna çevrilən Aşot Paşinyanın yeni “performansı” haqqında yazaq.

Aşot Paşinyan Baş nazir Nikol Paşinyanın oğludur. Ata Paşinyan oğlunu Azərbaycanın işğal altındakı torpaqlarında hərbi xidmətə yollamışdı, təbii ki, bunun özü isə görüntüdən başqa bir şey deyildi.

Paşinyan oğlunu Dağlıq Qarabağa guya hərbi xidmətə göndərməklə həm vətənpərvər imici qazanmağa çalışırdı, həm də ictimai rəydə narkoman olduğu deyilən oğlunu “pis kampaniya”dan uzaqlaşdırmağı düşünürdü.

Hərbi xidmətdən qayıdan oğul Paşinyan anlaqsız vəziyyətdə rəqs etməsi ilə diqqət çəkir. Musiqi, məkanın qəribəliyi – bunlar filmlərdəki avara insanların toplaşdığı kadrları xatırladır.

Sosial şəbəkələrin erməni seqmentində Aşot Paşinyanın anlaqsız vəziyyətdə olan rəqsi süngü ilə qarşılanıb.

“Deyəsən bunların bütün ailə üzvlərində psixi problem var”, “Bizim baş psiximizin (Nikol Paşinyanı nəzərdə tutur) oğlu qeyri-adekvat haldadır”, “Bu ailədə biabırçılıqdır, marazmda sanki bir-birilə yarışa giriblər”, “Bunlar ya narkomandır, ya da satanist”, “Ekstazinin təsiridir” və sair bu tip reaksiyalar verilir.

Bu fakt Paşinyan ailəsi üçün ilk qalmaqal deyil, bundan əvvəl də Paşinyan ailəsi barədə məlumatlarda Baş nazirin şəxsən özünün və ailəsinin necə korrupsiyaya bulaşdığı bildirilirdi. Vəziyyət o həddə çatıb ki, Nikol Paşinyanın adı siqaret qaçaqmalçılığında da çəkilir.

Baş nazir dövlət büdcəsini talayır

Nikol Paşinyanın qızı Maryam Paşinyan üçün avtomobilin dövlət büdcəsi hesabına alınması, Baş nazirin iqamətgahının dövlət büdcəsindən ayrılan 2 milyon dollar hesabına təmiri, 600 min dollara Baş nazirə iki ədəd zirehli avtomobilin alınmasını həyata keçirən hökumətin korrupsiya ilə mübarizədən danışması sadəcə nonsensdir.

Bunlar azmış kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcə pullarını sağa-sola xərcləyən Nikol Paşinyan ABŞ-a getmək üçün 400 min dollarlıq çarter reysi ayırmasını göstəriş vermişdi.

Bunlar son deyil. Paşinyan vəzifələrə təyin etdiyi silahdaşlarını da unutmayıb, “səxavətli” Baş nazir onlara dövlət büdcəsindən 1,9 milyon dollar gizli premiya ayırıb.

Koronavirus pandemiyasının tüğyan etdiyi, iqtisadiyyatı və dövlət büdcəsini ciddi zərbə altına qoyduğu bir zamanda da Paşinyan özünə gün ağlamağı yaddan çıxarmır.

Ermənistan  koronavirus pandemiyası fonunda ciddi maliyyə və iqtisadi çətinliklər yaşayarkən, Paşinyan təyyarəsinin dizaynı üçün 250 min dollar ayırıb.

Prioritetləri arasında dəfələrlə şəffaflılıq və hesabatlılıq barədə danışan Ermənistan hökuməti mövzu ilə bağlı erməni jurnalistlərin suallarını cavablandırmaqdan imtina edir.

Anna Akopyan da büdcədən özünə pay götürür

Bu yaxınlarda vətənpərvərlik əbasına bürünərək Azərbaycanın işğal altındakı ərazilərinə gələn Baş nazirin arvadı Anna Akopyanın qoluna taxdığı bahalı saatı diqqətdən yayınmayıb.

Nikol Paşinyan özünü sadə xalqın nümayəndəsi kimi təqdim etsə də, qanunla ona verilən səlahiyyət həddini aşmaqla tam əksini göstərir.

Sadalanan korrupsiya qalmaqalları, qeyri-adekvat hərəkətlər və çıxışlar, dövlət xadiminə yaraşmayan tərzdə ifadələr – bütün bunlar Nikol Paşinyanın səviyyəsinin və deqradasiyasının göstəricisidir.

Aqşin Kərimov