Paşinyanı şoka salan azərbaycanlılar…

0
800

Ermənistanın ötən ay Tovuz istiqamətində Azərbaycana qarşı son xain təxribatı bumeranq effekti kimi onun özünə qarşı işlədi. Sərhəd boyu heç bir hərbi hədəfinə nail olmayan düşmən, üstəlik, ciddi beynəlxalq qınaqla üzləşdi. Onlarla ölkə, bir sıra nüfuzlu beynəlxalq qurum Azərbaycana dəstəkçi mövqe sərgilədi. Hətta işğalçının 1 nömrəli müttəfiqi Rusiya, KTMT və Ermənistan üçün “nəfəslik” rolunda olan İran da İrəvanın müdafiəsinə qalxmadı.Hadisələr fonunda, həmçinin, Qərbdəki nüfuzlu erməni lobbisinin əlindən də bir şey gəlmədi. Ciddi səylərə, xərclənən böyük paralara rəğmən, lobbinin ənənəvi olaraq ən güclü olduğu ABŞ-da belə o, fiaskoya tuş gəldi: Konqresin Nümayəndələr Palatası bu parlamentin tarixində Ermənistana qarşı ən sərt sənəd qəbul etdi, qonşu ölkə ilk dəfə Konqresdə işğalçı kimi damğalandı. Nikola gizli “qərbçi” imici də kömək etmədi.

Böyük ehtimalla, oktyabrda ABŞ Senatı bu sənədi təsdiqləyəcək. Çünki sərhəd təxribatından sonra dünyanın 1 nömrəli dövlətinin Ermənistana münasibəti dəyişib. Güney Qafqazda sülh və sabitliyə, beynəlxalq neft-qaz kəmərlərinə kimin əngəl olması haqda rəy daşlaşıb. Artıq bu rəyi varlı erməni lobbisi də dəyişmək gücündə deyil.

Başqa bir səbəb odur ki, Azərbaycan diasporu Türkiyə diasporu ilə birgə dünyada getdikcə daha yaxşı toparlanmaqda və ermənilərin planlarını pozmaqdadır. Los-Ancelesdə, Avropanın bir sıra başqa şəhərlərində soydaşlarılmızın keçirdiyi uğurlu etiraz aksiyaları buna bariz sübutdur. Ermənilər onlar üçün gözlənilməz olan bu fəallığın qarşısını yalnız zorakı üsulla almağa çalışdılar ki, bununla özlərini bir az da rüsvay etdilər. Dünya onların əsl simasını, saxtakar və yalançı obrazını aydın şəkildə gördü.

Sevindiricidir ki, bu dəfə qlobal miqyasda Azərbaycanın lobbi təşkilatlarının daha mütəşəkkil və daha effektli fəaliyyətinin şahidi olduq. Bunu ermənilər də artıq etiraf edirlər. Məsələn, politoloq Suren Sərkisyan Feysbuk səhifəsində yazır ki, Nümayəndələr Palatasında Ermənistan əleyhinə qəbul olunan misli görünməmiş qanun layihəsi Azərbaycanın ABŞ-dakı səfirliyinin maliyyə dəstəyi sayəsində mümkün olub.

Belə bir şey varsa da, ona yalnız sevinmək olar. Demək, ABŞ-da lobbiçilik işimiz tədricən öz axarına düşür, ermənilərə öz metodları ilə və öz meydanlarında dərs verməyə başlamışıq.

Məlumdur ki, Ermənistanın işğalçı siyasətini davamlı edən əsas amillərdən biri dünya erməniliyi, erməni lobbisidir. Bu mənada beynəlxalq erməni lobbisinin Azərbaycanla təbliğat savaşında uğradığı fiasko hər şeydən öncə işğalçı siyasətə vurulan zərbə kimi ikiqat önəm daşıyır. Heç şübhəsiz, Ermənistan Baş naziri Nikol Paşinyanın bu günlərdə Ermənistanın diaspor təşkilatları ilə iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla, 13 nəfəri işdən kənarlaşdırması ən əvvəl bununla – erməni diasporunun fəaliyyətində yaranan ciddi problemlərlə bağlıdır.

Hiss olunur ki, Nikol Paşinyan lobbinin fəaliyyətindən, onun Azərbaycan-Türkiyə diasporları qarşısında geri çəkilməsindən bərk narazı qalıb. Gerçək bundan ibarətdir ki, Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoymuş oldu. Tarixdə ilk dəfə olaraq erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı.

Bu səbəbdən qarşı tərəf ənənəvi zorakı və terrorçu üsullara əl atdı. Avropa və Amerikanın demokratik dövlətlərində haqq-ədalətin təmin olunmasını, insan hüquqların müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Bunu bütün dünya ictimaiyyəti də gördü. Erməni xisləti, erməni mahiyyəti dünyaya faş oldu. Baş vermiş hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin mürtəce, vəhşi simasını ifşa etdi.

Bu xüsusda İrəvanda nəşr olunan “Past” qəzetinin yazdıqları da diqqət çəkir. Nəşrin məlumata görə, Paşinyanın diaspor təşkilatında böyük təmizləmə aparmasına səbəb Diaspor Komitəsinin fəaliyyətinin qeyri-effektivliyi ilə birbaşa bağlıdır. Onu xüsusilə də erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib.

Baş nazir həmçinin Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsindən bərk qəzəblənib. Qəzet yazıb ki, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.

“Məxməri” baş nazir güman ki, köhnələrin yerinə daha hiyləgər və daha məhsuldar işləyən şəxsləri təyin edəcək. Çünki onun fikrincə, onlar Tovuz döyüşləri zamanı xarici ölkələrdə xüsusi fəallıq nümayiş etdirib Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diasporlarının qarşısında acizlik, səriştəsizlik və passivlik göstəriblər.

Qeyd edək ki, hazırda Ermənistan ictimaiyyəti Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansından dolayı şokdadır. Elə Paşinyanın özü də dilxor vəziyyətdədir. Yəqin ki, onlar Azərbaycan diaspor fəallarından dünya çapında bunca mütəşəkkillik və savaş ovqatı gözləmirdilər.

Üstəlik, az qala iki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədi. Əvvəllər heç vaxt bu cür hallar yaşanmayıb. Bu dəfə ermənilər, necə deyərlər, hazırlıqsız yaxalandılar. Azərbaycanlılar isə millik kimlik şüuru ilə mübarizəyə qalxdılar.

Paşinyan bu günlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu bir növ üstələmək və Ermənistan ictimaiyyətindəki narazılığı bir azca səngitmək üçün diaspor qurumunun şöbə müdirlərini “günah keçiləri” kimi qurban verdi…

Musavat.com