Paşinyan parlamentdə Azərbaycanla delimitasiyanın həyata keçirildiyi XƏRİTƏNİ GÖSTƏRDİ

0
95

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı çıxışında Azərbaycan ilə sərhədlərin delimitasiyası məsələsinə xüsusi diqqət yetirib.

Paşinyan Azərbaycan ilə sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni nümayiş etdirib.

O bildirib ki, Tavuşda ərazilərin güzəştə gedildiyi barədə ittihamlar məntiqsiz və qəbuledilməzdir. Ona görə ki, mövcud dövlət sərhədi indi de-yure bərpa edilir. Sərhədlərin delimitasiyası ilə Ermənistanın təhlükəsizliyi təmin olunur.

Paşinyan deyib: “Ermənistan öz tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.

Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib.

“Məlum olduğu kimi, 1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər mövcud idi. Biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və sərhədin torpaq üzərindəki yerini müəyyən etdik”, – deyə Paşinyan vurğulayıb.

Baş nazir bildirib ki, hökumətin hazırkı qərarları dövlət qurumları tərəfindən hüquqi cəhətdən əsaslandırılıb.