Ermənistanın Baş naziri Nikol Paşinyanın əlində faktiki olaraq yeganə dayaq kimi güc strukturları qalıb.
Bu barədə Ermənistanın “Past” qəzeti yazıb.
Nəşr qeyd edir ki, Paşinyan güc strukturlarının köməyi ilə “özünəməxsus” terror həyata keçirməyə başlayıb.
Belə ki, bu günlərdə Ermənistan mətbuatında polis tərəfindən müəllimlərin seçkiqabağı “söhbət”ə çağırılması barədə məlumatlar yayılıb.
“Bu günlərdə bir sıra müxaliflərə qarşı cinayət işləri “uydurulur”, bəziləri Milli Təhlükəsizlik Xidmətinə çağırılır. Məsələn, dünən bizimlə söhbətdə Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan həyat yoldaşı ilə birlikdə MTX-yə çağırıldığını təsdiqlədi. Bu cür nümunələr az deyil və belə bir düşüncə də var ki, növbəti günlərdə sözügedən hallar kütləvi xarakter almağa başlayacaq. Köhnə və yeni işlər “canlandırılacaq”, çünki Paşinyan seçkiləri uduzmaq fikrindən sadəcə dəhşətə gəlir.
Yeri gəlmişkən, bütün bunlarla yanaşı, Nikol Paşinyan “Facebook”la işləməyə də başlayıb. Belə ki, onun birbaşa göstərişi əsasında müxaliflərin sosial şəbəkə hesablarından kütləvi şikayətlər edilir və nəticədə ya həmin səhifələr bloklanır, ya da bəzi funksiyaları məhdudlaşdırılır”, – deyə qəzet yazıb.